Əbdülqədir Abdullayev: Rəqibimə çox erkən, nokautla qalib gələcəyimi gözləmirdim

Dünən Quba Olimpiya Kompleksində WSB-nin 9-cu turu çərçivəsində “Baku Fires” klubu “Caciques Venezuela”nı 5:0 hesabı ilə üstələdi. Komandamızın ağır çəkili boksçusu rəqibini məğlub etməsi cəmi bir dəqiqə çəkdi. Venesuelalı həmkarı Villi Kyakoneninin üz nayihəsinə sağ yumruğu ilə güclü və dəqiq zərbə vuran Əbdülqədir Abdullayev, onu nokauta göndərdi. Döyüşdən sonra qalib idmançı allsport.az-ın suallarını cavablandırdı:

– Çox baxımlı döyüşlər oldu. Xatirinizdə hansı təəssuratlar qaldı?
– Nə deyə bilərəm? Uca Allahın köməkliyi ilə qalib gəldik. Qələbəni klubumuzun baş meneceri Rizvan Gənciyevin 50 illik yubileyinə həsr edirik. O hər zaman bizim yanımızdadır, köməyini bizdən əsirgəmir. Azarkeşlərə də təşəkkür edirəm. Onlar bizi sonadək dəstəklədilər.

– Sizin çıxışınıza gəldikdə, rəqibinizi belə tezliklə məğlub edəcəyinizi gözləyirdinizmi?
– Düzünü desəm, xeyr, gözləmirdim. Heç vaxt döyüşlərimi nokauta hesablamıram. Əsas məqsədim, rinqi qalib tərk etməkdir.

– Döyüşün hansı məqamında venesuelalı boksçuya çox erkən qalib gələ biləcəyinizi anladınız?
– İlk saniyələrdə rəqibimə bir neçə zərbə endirdikdən sonra gördüm ki, onu nokauta göndərə bilərəm. Belədə, lazımi anı gözlədim. O yetişən kimi, güclü zərbə ilə Villini yerə sərdim.

Həmin kateqoriyadan