Ədalətli İdman Günü – sağlam rəqabət, rəqibə hörmət və əzmkarlıq

İdman həmişə hamı tərəfindən sülhə çağırış, özünə inamın və əzmkarlığın göstəricisi kimi qiymətləndirilib. Allsport.az saytı xəbər verir ki, dünyamız dəyişdikcə idmanın da qarşısında yeni çağırışlar və problemlər yaranmağa başlayıb. İdmanda ən böyük və ən çox qalmaqal yaradan problemlərdən biri də istifadəsi qadağan olunmuş preparatlardan istifadədir. Beynəlxalq idman qurumları öz şüarlarında atletləri “təmiz idman”a səsləsələr də, qadağan olunmuş preparatlardan istifadə qaçılmaz bir problemə çevrilib. Milli Olimpiya komitələrinin apardığı məqsədyönlü maarifləndirmə tədbirlərinə baxmayaraq, idmançıların və məşqçilərin səhlənkarlığı dünyada dopinq qalmaqallarının yaranmasına səbəb olur.

Bütün bu problem və qanunauyğunsuzluqlarla mübarizə aparan Beynəlxalq Antidopinq Agentliyi (WADA) “təmiz idman”ın dünyada təbliğinə, onun faydaları və istifadəsi qadağan olunmuş preparatlardan istifadənin gələcək zərərləri barədə məqsədyönlü addımlar atır və sosial layihələr təşkil edir. Bu istiqamətdə səylərini əsirgəməyən beynəlxalq qurum 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib.

2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın Təhsil Konfransında Ədalətli İdman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşulur. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərdə rəqibə ədalətlə yanaşmaq prinsipini və təmiz qələbə hissini aşılamağa geniş imkanlar yaradır.

Ədalətli İdman Hərəkatı idmançıların karyerasının zədələnməməsi, onların üzərlərində daha əzmlə işləməsi və iradələrinin daha da möhkəmlənməsinə yönəlib. Son zamanlar irimiqyaslı idman yarışlarındakı dopinq qalmaqalları, idmançıların nəticələrinin ləğv olunması və medallarının əlindən alınması təkcə atletlərə deyil, onların azarkeşlərinə də məyusluq hissi yaşadır. Belə neqativ hallar zamanı azarkeş sevgisi və dəstəyi nifrət ilə əvəzlənir. Bütün bunların tək çıxış yolu Ədalətli İdman Hərəkatının dəyərlərinə sadiq olmaqdır.

AMADA və Azərbaycanın Ədalətli
İdman Hərəkatına töhfəsi

Dünyada idman ölkəsi kimi tanınan və irimiqyaslı idman yarış və tədbirlərini yüksək səviyyədə təşkil etmək bacarığı ilə seçilən Azərbaycan da Ədalətli İdman Hərəkatının bir parçasıdır. İdmanda əldə olunan uğurlar, atletlərimizin beynəlxalq arenada qazandıqları müvəffəqiyyətlərlə yanaşı, bu hərəkatın ideyalarına sadiqlikdən uzaq xoşagəlməz hallar da yaşanır. Ancaq 2016-cı ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılması beynəlxalq “təmiz idman” siyasətinə həmrəylik baxımdan mühüm addım oldu. Olimpiya və Paralimpiya hərəkatlarına, onların dəyərlərinə, fəlsəfəsinə və ideyalarına həmişə sadiqlik nümayiş etdirən Azərbaycan Ədalətli İdman Hərəkatından kənarda qala bilməzdi. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın idmana göstərdikləri yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər, idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsi dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahənin inkişafı üçün yeni imkanlar açır.

AMADA-nın məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan antidopinq sahəsində böyük addımlar atır və inkişaf edən nümunəvi ölkəyə çevrilib. Əsas uğurlardan biri WADA-nın ötən il fevralın 17-də Azərbaycanı antidopinq standartlarına uyğun olmayan ölkələr siyahısından çıxarması idi. AMADA ölkəmizdə dopinqlə mübarizənin səmərəli aparılması, Ədalətli İdman Hərəkatına sadiqlik üçün müxtəlif qurumlarla əməkdaşlıq edir. Ölkədə fəaliyyət göstərən idman federasiyaları və beynəlxalq qurumlarla memorandumlar imzalanıb. Görülən işlər antidopinq qaydalarının tanınması, idmançıların maarifləndirilməsi və dopinqlə birgə mübarizəyə yönəlib. Bu sahədə əldə olunan nailiyyətlər beynəlxalq qurumların da diqqətindən yayınmır. Belə ki, cari ilin noyabrında Bakı WADA İcraiyyə Komitəsi və Təsisçilərin Ümumi Yığıncağının konfransına ev sahibliyi edəcək. Ədalətli İdman Hərəkatının nəbzi həmin günlər ölkəmizdə döyünəcək. Beləliklə, ölkəmiz sadiq tərəfdaş kimi hərəkata yenidən öz töhfəsini vermiş olacaq.

Ədalətli İdman Günü dünyada “təmiz idman” bayramı kimi qeyd olunur. Sosial şəbəkələrdə Ədalətli İdman Hərəkatına sadiq idmançıların şəkillərini paylaşan istifadəçilər beynəlxalq “təmiz idman” siyasətinə öz həmrəyliklərini nümayiş etdirirlər. Həmçinin istifadəçilər azarkeşi olduqları idmançılarla birgə şəkillərini paylaşırlar. “Təmiz idman”ın ən ümdə vəzifəsi sağlam rəqabətdir. Sağlam rəqabət, rəqibə hörmət və əzmkarlıq Ədalətli İdman Hərəkatının daha geniş vüsət almasına və idmanın kütləviləşməsinə geniş imkanlar açacaq.

Həmin kateqoriyadan