Əjdər Cəfərov intizamsızlıqdan narahatdır

Azərbaycan Güləş Federasiyasında Bakı şəhərində və ətraf qəsəbələrdə fəaliyyət göstərən güləş klublarının məşqçiləri ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, görüşün keçirilməsi klubların hazırki vəziyyətini, qarşıdan gələn yarışlara hazırlığı müzakirə etmək, məşqçilərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyıb. AGF-in baş katibi Əjdər Cəfərov klublara xüsusilə perspektivli yeniyetmələrin cəlb olunmasının və güləşçilərin nizam-intizam qaydalarına riayət etmələrinin vacibliyini bildirib:

“Bildiyiniz kimi, Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən klublarımız federasiya prezidenti cənab Fazil Məmmədovun göstərişi ilə tam təmənnasız fəaliyyət göstərir. Bu da məhz milli idman növümüz olan güləşin inkişafı üçün atılmış addımdır. Təmənnasız olması klublarda məşğul olan güləşçilərin intizamsızlığına səbəb olmamalıdır. Çalışmaq lazımdır ki, məşqlər zamanı güləşçilər intizam qaydalarına ciddi riayət etsinlər.

Nizam-intizam olan yerdə inkişaf da olur, nailiyyət də. Məşqlərin yüksək səviyyədə keçirilməsi üçün federasiya tərəfindən klublar bütün lazımi idman avadanlıqları, güləş döşəkləri və ləvazimatlarla təchiz olunub. Məşqçilərdən tələb olunan odur ki, maksimum səylə fəaliyyət göstərsinlər və yetirmələrinin yüksək nəticələr göstərməsinə çalışsınlar”.

Toplantıda məşqçilərə güləşçilərin daxili transfer qaydaları barədə məlumat verilib, klublara yeni qüvvələrin cəlb edilməsi və perspektivli güləşçilərin aşkarlanması üçün tapşırıqlar verilib.

Həmin kateqoriyadan