Əmrah Çəlikəl: “Çelsi” ilə oyunda stadionun tam dolacağına inanırıq

“Çelsi” ilə görüşdə azarkeş rekordunun yenilənəcəyinə ümid edirik”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl çempionlar liqasının 5-ci turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə oyuna azarkeş sayı haqda danışarkən deyib. Onun sözünə görə, son məlumata əsasən, 30 min bilet satılıb. Artıq qonaq komanda üçün ayrılan biletlərin hamısı alınıb: “Qonaqlara 3664 bilet ayırmışdıq. Onların hamısı satılıb. Öz azarkeşlərimizin də stadionu tam dolduracağına inanırıq. Satış qaydasında gedir”.

Əmrah bəy bilet satışından qazanc gözləmədiklərini söyləyib. O, report.az-a açıqlamasında bildirib ki, matçlar zamanı ümumilikdə, 4 minə yaxın personal xidmət göstərir və bilet satışından əldə olunan vəsait təşkilati xərclərin qarşılanmasına yönəlir: “Hələlik əvvəlki 2 görüş üçün bilet satışından nə qədər vəsait əldə olunduğunu bilmirik. Lakin elə də böyük qazanc gözləmirik. Çünki xərclərimiz də çoxdur”.

2-ci tur çərçivəsində keçirilmiş “Qarabağ” – “Roma” görüşü üçün bütün biletlər satılsa da, 68700 nəfərlik tutuma malik Bakı olimpiya stadionunda elə də anşlaq olmayıb. Tamaşaçı sayı 67200 nəfər göstərilsə də, tribunada cəmi 57 min nəfərin yer aldığı müəyyənləşib. 3-cü turun “Qarabağ” – “Atletiko” oyununu isə 47923 azarkeş izləyib.

Qeyd edək ki, noyabrın 22-də keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan