Əsas yığmamızın məşqçisi: Bəzən kiçik məqamlar lazımi nəticənin qazanılmasına mane oldu

42-ci Ümumdünya Şahmat Olimpiadasında mübarizə aparan kişilərdən ibarət əsas millimizin məşqçisi Etyen Bakro komandamızın çıxışını dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, o, daha yaxşı nəticələrə ümid etdiklərini söyləyib: “Biz ümid edirdik ki, komandamız rəqiblərlə başabaş və inamlı oynayacaq. Lakin belə  turnirlərdə hər cür vəziyyətə hazır olmalısan. Heç vaxt nəinki hansısa partiyanın, ümumiyyətlə matçın necə nəticələnəcəyini bilmirsən. Təbii ki, ümidlərimiz böyük idi. Komandanın hazırda yığdığından daha çox xal qazanacağına inanırdıq. Bəzən kiçik mzqamlar lazımi nəticənin qazanılmasına mane oldu. İstənilən halda, mübarizəmizi sona qədər davam etdirəcəyik”.

O, olimpiadanın 9-cu turunda yığmamızın Rusiya ilə görüşünü belə dəyərləndirib: “Turnirin əsas favoritlərindən biri hesab olunan komandaya qarşı oynamaq hər zaman çətindir. Vladimir Kramnik və Aleksandr Qrişuk ağ fiqurlarla oynayırsa, qarşıya qoyulan məqsədə çatmaq daha da çətin olur. Şəhriyar Məmmədyarov Sergey Karyakinlə görüşdə üstünlüyə malik idi. Lakin yekunda partiya heç-heçə başa çatdı. Rauf Məmmədovun Yevgeni Tomaşevskiyə qarşı oyununda da perspektivli mövqe mövcud idi. Hər şey dəqiq gedişdən asılı vəziyyətdəydi. 1 səhv qələbə planına mane olacaqdı. Yekunda həmin görüş də heç-heçə tamamlandı”.

Fransız mütəxəssis Olimpiadanın yüksək təşkilindən də söz açıb: “Oyun zalı əladır. Hər şey ən yüksək tələblərə cavab verir. Düzdür, mən oyunların keçirildiyi zalda çox ola bilmirəm. Adətən gecə vaxtı işləyirəm. Səhərə kimi azərbaycanlı şahmatçıların gələcək partiyaları, mümkün variantlar üzərində çalışıram”.

Həmin kateqoriyadan