«Əslən türkiyəli olsam da, finalda həmvətənimə qalib gəlib Azərbaycanın haqqını verməliydim»

Bu gün İslam oyunlarında taekvondoçular mübarizəyə başladılar. İlk yarış günündə 2 təmsilçimiz fəxri kürsüyə çıxdı. Bunlardan biri qızıl medal qazanan Yarpaq Ərişdir (57 kq). Allsport.az saytına açıqlamasında Türkiyə əsilli legionçu qələbə sevincini belə dilə gətirdi:

«Pakistan və İran taekvondoçularına qalib gəlib finala çıxdım. Həlledici görüşdə rəqibim türkiyəli idi. Əslən bu ölkədən olsam da, özümü azəri hiss edirəm (gülür). Bu üzdən mənə daha çətin idi. Azərbaycan komandasın şərəfini qoruduğumdan, bu ölkənin haqqını verməliydim. Allahın köməkliyi ilə, hədəfimə yetişdim. Ümümən, evdə çıxış etməyin məsuliyyəti böyükdür. Çox gərgin idim. Bu hissləri dilə gətirə bilmirəm».

Titullu idmançı qarşıdakı planlardan da danışdı. Bildirdi ki, əsas hədəfi Tokio-2020-dir: «Dünya və Avropa çempionatlarıın iştirakçısı olmuşam. Qarşıdan yeni ciddi sınaqlar gəlir. Yaxşı nəticə üçün, çox çalışmaq lazımdır. Həmişə hədəfləri seçərkən, ən yüksəyini tuturam. Bu üzdən, təbii ki, Tokio olimpiadasıdır (gülür), inşallah».

Həmin kateqoriyadan