2 boksçumuzun ilk rəqibi bilinib

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, 64 kq-da rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda İslam Məhəmmədlə (Misir) gücünü yoxlayacaq.

Olimpiya mükafatçımızın rəqibinin adı mundialın startı günü məlum olub. 1/16 finalda Nurlan Kobaşevi (Qırğızıstan) 3:2 hesabı ilə məğlub edən Muhamed mərhələ adladığından Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan təmsilçimiz misirli boksçu ilə sabah döyüşəcək.

75 kq çəki dərəcəsində mübarizə aparacaq Kamran Şahsuvarlı isə 1/8 finalda Maks Van der Pasla (Niderland) üz-üzə gələcək. Avropa çempionatının gümüş medalçısının rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Lester Martinesi (Qvatemala) yarışdan kənarlaşdıran hollandiyalı (3:2) ilk mərhələdən azad olan həmyerlimizlə qarşılaşmaq hüququ qazanıb. Şahsuvarlının da ilk döyüşü avqustun 27-də olacaq.

Həmin kateqoriyadan