Avropa Atletika Assosiasiyasının mükafatını aldı

Bakı 2015-in atletika yarışlarının meneceri Məhərrəm Sultanzadə Avropa Atletika Assosiasiyasının “məhsuldar əməyinə və fədakar fəaliyyətinə görə” mükafatı alıb. Allsport.az saytı axəbər verir ki, o, şənbə günü axşam təşkil olunmuş “Golden Tracks” şam yeməyində mərasimə dəvət olunmuş qonaqların, o cümlədən, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının vitse-prezidenti Lord Sebastyan Konun qarşısında bu şərəfə layiq görülüb.

 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyişb: ”Məhərrəm Avropa Oyunlarının təşkilində insanların qoyduğu irsin və onun insanların həyatını necə dəyişdirməsinin, onları təkmilləşməyə və yeni bacarıqları inkişaf etdirməyə ruhlandırmasının bariz nümunəsidir. İdmançılarla məşqçilik işindən ofis mühitinə keçdiyi son doqquz ay ərzində Məhərrəm gördüyü hər bir işdə müvəffəqiyyət qazanmış və əvəzedilməz komanda rəhbərinə çevrilmişdir. O, bu mükafata tam olaraq layiqdir və güc və təcrübəni özündə birləşdirən belə bir şəxsin burada, Bakı-2015 komandasında olması bizim üçün çox xoşdur”.

 

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın milli məşqçisi Avropa Atletika Məşqçisi Mükafatına layiq görülür.

 

Sultanzadə çıxışında bunları söyləyib: ”Avropa Atletika Assosiasiyası tərəfindən ölkəm və özüm üçün ilk dəfə olaraq bu cür möhtəşəm mükafat qazandığıma görə çox xoşbəxtəm və son dərəcə qürur duyuram. Bir məşqçi kimi mən yaxşı nəticələr qazanmış yüksək səviyyəli idmançılar hazırlamışam və son səkkiz ildə milli komandanın baş məşqçisi kimi çalışaraq həm Dünya, həm də Avropa səviyyəsində müsbət nəticələr göstərmişik”.

 

Məhərrəm Sultanzadə, həmçinin, Milli Texniki Heyət səviyyəsinə çatmaları üçün bu yaxınlarda 150 nəfərə təlim keçmiş və iyun ayında Bakıda keçirilmiş və Avropa Federasiyası tərəfindən yüksək qiymətləndirilmiş Avropa Olimpiya sınaq yarışlarının direktoru olub.

 

Şüvüllə tullanma üzrə fransalı idmançı Renaud Lavillenie və qısa məsafəyə qaçış üzrə hollandiyalı idmançı Dafne Şippers “Golden Tracks” təntənəli mükafatlandırma mərasimində “İlin Avropa Atletləri” adına layiq görülüblər. Eyni zamanda, qısa məsafəyə qaçış üzrə Böyük Britaniyalı idmançı Adam Gemili və hündürlüyə tullanma üzrə rusiyalı idmançı Mariya Kuçina “Rising Star” mükafatını alıblar.

Həmin kateqoriyadan