23 yaşlı güləşçilər arasında ilk Avropa çempionatı harada keçiriləcək?

24-29 martda Polşanın Valbrzix şəhərində 23 yaşlı güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, milli komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. İlk dəfə keçiriləcək U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparacaqlar.

Olimpiya Güləş Mərkəzində son hazırlıq məşqlərini keçirən yığma komandaların Avropa çempionatına yollanacaq heyəti açıqlanıb. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov çempionata yollanacaq güləşçiləri elan edib və komandalara uğurlar arzulayıb.

Rəqabətdə ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.

Martın 26-27-də çempionatda qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 güləşçimiz iştirak edəcək. Yarışda ölkəmizi Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək.

Avropa çempionatının son iki günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yollanacaq.

Birincilikdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Həmin kateqoriyadan