Əyalət komandası liderliyini qoruyur

Bu gün qadınların ölkə çempionatinda 10-cu turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, paytaxtın “Atasport-2” və Sumqayıtın eyni adlı klublarının qarşılaşmasında, Bakı hokkeyçiləri çətinlik çəkmədən qələbə qazanıblar – 7:1. Rəqib komandanın qapısından qolların 4-nü Emiliya Həsənova, 3-nü isə  Gülüm Rüstəmova   keçirib. Sumqayıt hokkeyçilərindən yeganə təsəlli qolunun müəllifi Lalə Abbasova olub.

“Samur”(Qusar) və “Bakı” komandaları arasındakı matç isə prinsipallığına görə böyük əhəmiyyət kəsb edirdi. Liderlərin oyununda ilk yarıda qapılara qol vurulmayıb. Fasilədən sonra komandaların qələbə əzmi xeyli müddət öz bəhrəsini verməsə də 65-ci dəqiqədə Xalidə Zeynalova   hesabı açıb. Görüşün sonuna qədər həmin hesab dəyişməyib və “Bakı” komandası 1:0 hesabı ilə çətin qələbə qazanıb.

10 matçdan 21 xal toplayan “Samur” klubu çempionatın yarış  cədvəlində başçılıq edir.    “Atasport-2” və “Bakı” hokkeyçiləri bu günkü qələbədən sonra xal ehtiyatlarını 19-a çatdıraraq 2-3-cü yeri bölüşür. Topların daha yaxşı sayına görə “Atasport-2” öndədir. “Sumqayıt” komandası isə keçirdiyi bütün görüşlərdə məğlub olub.

Qadınların yarışında növbəti turun oyunları oktyabrın 19-da keçiriləcək.

Həmin kateqoriyadan