266 gündən sonra doğma arenada

Azərbaycan premyer liqasının 15-ci turunun “Sabah”la görüşü “Zirə” üçün əlamətdar olacaq. Allsport.az saytı xəbər verir ki, “qartallar” cari mövsümdə ilk ev oyununu doğma arenada keçirəcək. Fevralın 2-dəki görüş Zirə idman kompleksinin stadionunda baş tutacaq.

Arenada aparılan təmirlə əlaqədar olaraq “Zirə” mövsümün ilk yarısında rəqiblərini fərqli stadionlarda qəbul etməli olurdu. “Qartallar” 5 çempionat və 1 kubok oyununu “Dalğa Arena”da keçirməli olubsa, “Bakcell Arena” və “AzAL Arena”nın hərəsində bir premyer liqa matçına ev sahibliyi edib.

“Zirə”nin doğma stadionundakı son oyunu 2017/18 mövsümünə təsadüf edib. Komanda 2018-ci il mayın 12-də baş tutan son ev matçında “Kəpəz”i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. 266 gündən sonra Zirə idman kompleksinin stadionuna çıxacaq “Qartallar”ın bu arenadakı son qollarına Riçard Qadze və Tellur Mütəllimov imza atıb.

Qeyd edək ki, “Sabah”la görüş komandanın doğma stadionunda 64-cü oyunu olacaq. “Zirə” indiyədək premyer liqada 46, Azərbaycan kubokunda 4, 1-ci divizionda 13 dəfə rəqiblərini bu arenada qəbul edib.

Həmin kateqoriyadan