3-qat olimpiya çempionu nazir müavini ilə görüşdü

Sərbəst güləş üzrə 3-qat olimpiya, 6-qat dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyev Bakıya gəlib. Allsport.az saytı xəbər verir ki, Rusiya idmanının canlı əfsanəsi ilə bu gün Gənclər və İdman Nazirliyində görüş keçirilib.

 

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ölkəmizdə bütün sahələrə olduğu kimi, idmana dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. O, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri, ölkəmizin bir sıra yüksək nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə danışıb. Buvaysar Saytiyevə 2015-ci ildə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə bağlı geniş məlumat verilib.

 

Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti Namiq Əliyev, ölkəmizdə güləşin inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd edib. O, Bakıdakı 1-ci Avropa Oyunlarının təşkilatçılıq baxımından son olimpiadalar səviyyəsində olacağını da sözlərinə əlavə edib. Namiq Əliyev Buvaysar Saytiyevin paytaxtımıza dəvət etməklə ölkəmizdə güləşi daha da populyarlaşdırmaq və müəyyən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq istədiklərini deyib:

 

“Həqiqətən də bu gün idmançılarımız üçün hər cür şərait yaradılıb. Ölkə başçısı cənab İlham Əliyev bütün sahələri, o cümlədən, idmançıları daim diqqətdə saxlayır. Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov idmanın bu növünün daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəmir. Daim mövcud vəziyyəti nəzarətdə saxlayır. Federasiyamız hətta regionlarda da güləşçilər üçün hər cür şərait yaradıb. Bütün bunlar gələcəkdə beynəlxalq turnirlərdə, o cümlədən, birinci Avropa Oyunları və Olimpiya Oyunlarında yüksək nəticələr qazanmağımıza zəmin yaradacaq.

 

“Buvaysar Saytiyev titullu, dünyada tanınmış bir idmançıdır. Güləş aləmində onun böyük təcrübəsi var. Dəvətimizi qəbul edib gəldiyinə görə ona minnətdarlığımızı bildiririk. Onun gəlişi ölkəmizdə güləşin populyarlaşması üçün atılan addımlardan biridir”.

 

Daha sonra Buvaysar Saytiyev dəvətə görə minnətdarlığını bildirib və sözlərinə belə davam edib: “Mənim 4 övladım, qardaşım və bacım uşaqları var. Onların da sağlam nəsil kimi yetişdirilməsi üçün idmanın əhəmiyyəti böyükdür. Ölkənizdə idmanın, güləşin inkişafı üçün bu cür şəraitin yaradılması məni sevindirir. Belədə yeniyetmə və gənclər sağlam böyüyür, pis vərdişlərdən uzaq olurlar və gələcəkdə layiqli insana çevrilirlər. Xüsusilə də dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə bəxtiniz gətirib. Bir sıra nüfuzlu yarışlar, Avropa Oyunlarını keçirmək Azərbaycanın güclü dövlət olmasından xəbər verir.

 

Etiraf edim ki, güləşçilərinizin son vaxtlar qazandıqları uğurları mən də böyük maraqla izləyirəm. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında medalların sayının get-gedə artması inkişafın bariz nümunəsidir. Əlbəttə, bütün bunlar Azərbaycan Güləş Federasiyasının düzgün yolda olduğunu göstərir”.

 

Tədbirdən sonra Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Buvaysar Saytiyevi Avropa Oyunları üçün nəzərdə tutulan obyektlərdən bəziləri ilə tanış ediblər.

IMG_3881-11994-920-485-100-wm-right_bottom-100-imageswmpng IMG_3879-11998-920-485-100-wm-right_bottom-100-imageswmpng

Həmin kateqoriyadan