4-cü mərhələ Abşeronda olub

Azərbaycanın bütün bölgələrini əhatə edən ağırlıqqaldırma üzrə respublika yarışlarının 4-cü seçmə mərhələsinə Abşeronda keçirilib. Allsport.az saytı xəbər verir ki, AAAF Park Yaşayış Kompleksinin yarış zalında Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan olan idmançılar mübarizəyə qoşulublar. 100-ə yaxın ağır atlet körpücük üzərində qüvvəsini sınayıb.

Yarışların keçirilməsində məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Mərhələ yarışları çərçivəsində 1-2 noyabrda Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astarada rəqabət olub; 4-5 noyabrda isə Samuxda Goranboy, Gəncə, Yevlax, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. İdmançıların çəkilməsi hər yarış günü səhər saat 09:00-da olacaqdır. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.
Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçirilir.

Həmin kateqoriyadan