4 futbolçu həddi doldurub

Topaz premyer liqasının 16-cı turu 6 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Allsport.az saytı xəbər verir ki, onlardan 2-si qırmızı vərəqə aldığından, 4-ü isə sarı vərəqə limitini doldurduğundan bu vəziyyətlə üzləşib. 

“Qəbələ”ylə görüşdə (0:1) meydandan qovulan Marko Deviç “Sabah”a, “Zirə”ylə matçda (0:2) eyni taleyi yaşayan Elvin Yunuszadə isə “Səbail”ə kömək etməyəcək. Hər 2 futbolçu 1 oyunluq cəzasını növbəti turda yaşayacaq. 

Gələn matçları buraxacaq digər 4 futbolçu isə mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb. “Neftçi” – “Keşlə” qarşılaşmasında (2:0) hər komanda bir oyunçusunu itirib. Meydan sahiblərindən Ömər Buludov, qonaqlardan Vüsal İsgəndərli cəzalı duruma düşüb. “Zirə”nin üzvü Aleksandr Dedov “Səbail”, “Sumqayıt”ın üzvü Əli Babayev “Qarabağ”la oyunda (0:2) 4-cü “sarı”sına üzülüb.

Qeyd edək ki, 17-ci turun oyunları fevralın 16-17-də keçiriləcək. İtkisi olan komandalar bir-biri ilə üz-üzə gələcək. “Zirə” “Neftçi”ni, “Səbail” “Sabah”ı, “Keşlə” “Sumqayıtı qəbul edəcək.

Həmin kateqoriyadan