Kamran HACI
Cənab Musayev, bizi qəbul et!

 Kamran Hacı | kamran-haji@mail.ru

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə çoxdan görüşmək istəyirəm. İş otağında, üzbəüz. Düzünə qalsa, onunla belə görüşüm bir dəfə, uzaq keçmişdə olub. O vaxtdan 10 il keçər. Onda Ramin bəy «Neftçi» klubunun vitse-prezidenti idi. Futbolumuz yeni-yeni dirçəlməyə başlamışdı. Maraqlı söhbətimiz oldu. Məşhur məsəldə olduğu kimi, hərənin öz əxlaq səviyyəsinə görə qiymətləndirə biləcəyi «maraq» sözünə uyğun olaraq mətnə bir haşiyəvari əlavə edim: ayrılanda xahiş etdim «ağ-qaralar»ın kiçik bayrağını hədiyyə etsin. Ricamı tərəddüd etmədən yerinə yetirdi. Gənclik dövründə daha çox vımpel həvəskarı idim. «Neftçi» isə uşaqlıqda azarkeşlik etdiyim komanda olub.
Əlqərəz, Musayevlə yalnız tədbirlərdə, stadionlarda görüşüb, söhbətləşmişəm. Sadə insandır. Gərək, hər şeyin həqiqətini deyəsən. Ona qarşı indiyədək heç bir qərəzim olmayıb. Bilirəm ki, onluq bir şey yoxdur, ya da məsələdən xəbərdar deyil. Ətrafına rahat şəkildə inanır.

PFL prezidenti olandan Ramin bəylə görüşməyə çox cəhd etmişəm. Bu işlə məşğul olan həmkarıma zənglərimin, qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə gedib məlum niyyətimi bildirməyimin sayını itirmişəm. Təqribən 4 ildir vəziyyət dəyişməz qalır. Durum uzun müddət belə olduğundan, görüşməməyimizə əngəlləndiyini deyirəm. Bəhanə, yəni verilən cavablar müxtəlif olub: «iş vaxtı qurtarıb», «çempionat müvəqqəti dayanıb», «müəllim indi müsahibə vermir», «yanında qonaqları var», «müdir toplantıdadır», «boşluq olanda zəng edib xəbər edərəm» və s. uydurmalar.

PFL-in mətbuat sözçüsü yeri düşəndə, idman həmkarlarımı «facebook» səhifəsində, tədbirlərdə tənqid edir. Onlara müəyyən mesajlar göndərir. Aydındır ki, qulağına bəzi məlumatlar çatır. Haqlı tənqid olur, iradlarla razılaşıram. İndi futbol mediası böyük bazara bənzəyir. İçində orta məktəbi düz əməlli oxumayıb təhsil almayan, amma bir sayt açıb özlərinə «as» deyən və bəzən onlara diqqətsizlik olanda, bundan gileylənənlər; TV-də çalışıb, amma illər boyunca, düz əməlli, 5-10 məqalə yazmayıb özlərini mahir hesab edənlər; kölgəyə çəkilib öz işi ilə məşğul olan, lakin yaxşı yazdıqları halda, onlara yuxarıdan aşağı baxanlar, qələmi iti və sərt olub, lakin onu beş-üç quruşun ötəri hörmətinə satanlar da var.

Mövzudan kənara çıxmayım. «Qanun naminə» filmində «Qaloş»la prokuror Mehmanın bir həssas səhnəsi var. Sovet hakimiyyətinin düşməni olan qoca yolda dövlət qulluqçusunun qarşısını kəsib deyir: «Yaxşı danışırdın. Ancaq həmişə həyatda belə olmur. Əl əli yuyur, əl də üzü… Mən nəcib adamam, oğul. Amma, əgər, sən bizə kömək etməsən, yumşaq ürəyim daşa dönər. Biz o qədər də pak, təmiz adamlar deyilik. Qızıl saat, qızıl saat da dil açıb adamlara çox şey danışa bilər».
Sözümün canı nədir? Məndəki məlumata görə, bir dəfə mətbuat sözçüsü nüfuzlu rəsmi dövlət qəzetlərindən biri ilə əlaqə saxlayıb, Ramin Musayevlə müsahibə getməsi xahişini edib. Yəni, işləri düşəndə, özləri əlaqə saxlaya bilirlər.

Xülasə, bu, PFL-in sayğısızlığından başqa bir şey deyil. Ümumən, mediada son dövrlər mənfi tendensiya cərəyan edir. Elə mətbuat sözçüləri var ki, rəhbərin etimadını qazanıb vəzifə başında çox qalanda, bundan sui-istifadə edir, kefi istədiyi siyasəti, daha doğrusu, şəxsi maraqlarını, qərəzini ortaya qoyur. Ətrafına məddahlar ordusu yığıb, vəziyyəti istədikləri şəkildə qələmə verir, onlar vasitəsilə özlərini rəhbərlərinə təriflədirlər. Münasibətdə olduqları jurnalistlərin PFL haqqında mənfi fikir səsləndirdikdə, yazı yazdıqda, dərhal ona zəng edib, bunu etməməsini istəyir. Başqa mətləblər də var, amma hələ qabartmaq istəmirəm. Mətbuat sözçülərinin reytinqli mətbu orqanları və saytlardan çəkinmələri təbiidir. Qalanlarını öz səviyyələrinə, tərzlərinə uyğun şəkildə seçib, çevrələrinə düzürlər…

Hə, yeri gəlmişkən, ötən ilin sonunda qurumun KİV-ə məsul otaqda «Mimi» deyə çağırılan pişiyin ağnadığından bəhs etmişdim. Eşitdiyimə görə, artıq «ərköyün qonaq» oralarda elə də görünmür. Görünsə də, otağa kənar adam daxil olan kimi gizlədilir. Əcaba, «Mimi»yə nə olub? Birccikləri-incəcikləri pişikciyəzlə insafsız rəftar etməyiblər ki? Bəlkə də devalvasidandır?

Həmin kateqoriyadan