Bədii gimnastlarımız final mərhələsinə adlayıblar

İsrailin Holon şəhərində bədii gimnastika üzrə 32-ci Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi 37 ölkədən gimnastların iştirak etdikləri çempionata uğurla başlayıb. Günün ilk yarısında yuniorlar arasında çıxış edən Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq, ip və halqa ilə kompozisiyalarda həlledici mərhələyə vəsiqə qazanıblar.

Qrup hərəkətləri üzrə komandamız isə lentlə kompozisiyada uğurla çıxış edərək bazar günü keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.

Təəssüf ki, millimizin halqa və gürzlə kompozisiyalar üzrə çıxışı zamanı texniki problemlər səbəbindən musiqi yarımçıq dayanıb. Hadisədən dərhal sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva musiqinin yarımçıq dayandırılmasına etiraz edib. Texniki Komitə əvvəlcə etirazı qəbul edərək Azərbaycan gimnastlarının kompozisiyanı yenidən yerinə yetirəcəyini bildirib. Qrup hərəkətləri üzrə komandamız xalçaya çıxmağa hazırlaşdığı zaman Texniki Komitənin rəhbəri çıxışın mümkün olmayacağını bəyan edib.

Həmin kateqoriyadan