Ramin Musayev: 5 il əvvəl belə qərar qəbul olunsaydı, indi mənim ürəyimə 5-ci stend qoyulmazdı

Kimlər üçün isə maraqsız, kimlər üçün isə maraqlı keçən premyer liqada qış fasiləsi başlayıb. Allsport.az saytı xəbər verir ki, bəzi mütəxəssislərin fikrincə, cari mövsüm səviyyə baxımından əvvəlki illərə uduzur, azarkeşlər çempionatda istənilən səviyyədə mübarizəyə şahidlik etmirlər. Bəs görəsən, PFL prezidenti Ramin Musayev bu haqda nə düşünür? O da mütəxəssislərlə eyni fikirdədi, yoxsa… 2018-ci ilin başa çatmasına sayılı günlər qalmış onunla söhbətdə bu və “Futbol+” qəzetini maraqlandıran başqa suallara cavab tapmağa çalışılıb.

“Bizim nəslin nümayəndələrinin ürəyində bir “Neftçi” sevgisi var” 

Artıq istər premyer-liqada, istərsə də birinci divizionda fasilə başlayıb. PFL prezidenti olaraq, çempionatın geridə qalan bölümünü necə dəyərləndirərdiz?
– Sözün həqiqi mənasında maraqlı çempionat izləyirik. Bəzi komandalar var ki, yeni yaradılmalarına baxmayaraq, premyer-liqaya rəng qatırlar, maraqlı və baxımlı oyunla azarkeşlərin könlünü oxşayırlar. Bunlar hamısı sevindirici haldı.
 

Ancaq nədənsə bəzi mütəxəssislər əvvəlki illəri misal çəkib, maraqsız, rəqabətsiz mövsümə şahidlik etdiklərini bildirirlər…
– Ortada İspaniya nümunəsi var. Görün orda neçə illərdi çempionluq uğrunda iki komanda – “Real” və “Bareslona” mübarizə aparır. Belə çıxır ki, La Liqanın, İspaniya futbolunun səviyyəsi aşağı düşüb? Eyni hal Almaniyada da yaşanır. “Bavariya” ardıcıl çempionluğu bayram edir. Hələ mən “Yuventus”dan danışımıram. Hamının fikirlərinə hörmətlə yanaşıram, ancaq düşünmürəm ki, bizdə rəqbət yoxdu. İlk pillələrdə olan komandalarla aşağı yerlərdə olan komandalar arasında elə də böyük xal fərqi yoxdu. Qış fasiləsində bütün klublar heyətlərini gücləndirməyə çalışacaq ki, belə də qarşıda bizi daha maraqlı və gərgin görüşlərin gözlədiyini deyə bilərəm. 
 

Fasiləyə qədər hansı komandanın çıxışı sizi yaxşı mənada təəccübləndirib?
– “Səbail”in, “Sabah”ın adını çəkə bilərəm. Son görüşlərdə “Keşlə”də baxımlı oyun sərgiləyir. Samir Abasovun gəlişindən sonra “Zirə”nin oyununda inkişaf sezilir. “Neftçi”nin fasiləyə birinci pillədə yollanmasını da xüsusi vurğulamaq istərdim.
 

Həmişə kimi “Neftçi”yə olan sevginizi büruzə verdiz. Bu sevgi sizdə hardandı? Vaxtilə “ağ-qaralar”ın vitse-prezidenti olduğunuza görə “Neftçi”yə həmişə rəğbətlə yanaşırsız, yoxsa bilmədiyimiz başqa səbəb və ya səbəblər var? 
– (gülür) Mən 1960-cı ildə dünyaya göz açmışam. 9 yaşımdan isə futbola azarkeşlik edirəm. 1969-cu ildə bizim başqa komandamız var idi? Başqası olmadığından “Neftçi” mənim və yaşıdlarımın, futbolla maraqlanan bizdən əvvəlki nəslin könül verdiyi klub olub. İlk sevgi isə heç vaxt unudulmur. Allah cansağlığı versin Mübariz Mənsimova. Bir dəfə ona “Xəzər Lənkəran” olmasaydı, hansı kluba azarkeşlik edərdiz” sualını vermişdilər. Cavabı qısa olmuşdu: “Neftçi”. Bizim nəslin nümayəndələrinin ürəyində bir “Neftçi” sevgisi var.


“Bu gün elitada 8 komandanın olmasına da şükür etməliyik” 
 

Mübariz bəyin adını çəkdiz. Bu gün premyer-liqada “Xəzər Lənkəran”ın yeri görünür?
– Nəinki “Xəzər Lənkəran”ın, “Karvan”ın da, “Bakı”nın da, “Mil-Muğan”ın da yeri görünür. 
 

Deyəsən, 8 komandalı çempionat və əksəriyyətinin Bakını təmsil etməsi PFL prezidenti üçün də xoş deyil…
– (bir qədər düşünür) Zəmanə belə çətin gəldi. Heç kimi qınamaq olmur. Bu gün elitada 8 komandanın olmasına da şükür etməliyik.
 

İctimaiyyət arasında belə fikir formalaşıb ki, premyer-liqa təmsilçilərinin sayının az olmasında, oyunların boş tribunalar önündə keçirilməsində məhz AFFA rəhbərliyi maraqlıdı. Onların da çoxunun Bakını təmsil etməsi düşünülmüş planın tərkib hissəsidi.
– Bu fikirlə heç vaxt razılaşa bilmərəm. Yəqin ki, AFFA rəhbərliyi dedikdə Rövnəq Abdullayevlə Elxan Məmmədovu nəzərdə tutursuz. Tam yanlış fikirdi. Kim gəldi, biz yox dedik? Hətta xatırlayırsızsa, bir ara “Xəzər Lənkəran”ın yenidən fəaliyyətini bərpa edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt mən “təki “Xəzər Lənkəran” qayıtsın, mən reqlamenti belə pozub onların birbaşa elitada oynamasına şərait yaradacam” söyləmişdim. O fikir yanlışdı ki, AFFA rəhbərliyi premyer-liqada klubların sayının çox olmasını istəmir.
 

Bir müddət əvvəl vergi ilə bağlı yeni qanunun hazırlandığı və orda idmana, o cümlədən futbola sərmayə yatıran iş adamlarına müəyyən imtiyazlar veriləcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı. Ancaq söylənilənlər yeni qanunda əksini tapmadı. Necə düşünürsüz, bu addım atılsaydı, futbola nə dərəcədə xeyir verərdi? 

– Nə vaxt olar, onda danışarıq. Olmayan şey haqda fikir bildirməyin nə mənası var?
 

“Həmin himn yaxın 15 ildə Azərbaycanda bir daha səslənməyəcək” 
 

Bu ayın əvvəlində İcraiyyə Komitəsinin toplantısı keçirildi və qərarları da hamıya məlumdu. Ramin Musayevlə Qurban Qurbanovun yaxın dost olduğunu futbol ictimaiyyəti arasında bilməyən yoxdu. Qurban bəyin, Rəşad Sadıqovun yığmalarda tutduqları postlardan uzaqlaşdırılması sizə necə təsir etdi?
– Çox sevinirəm, qərarı da dəstəkləyirəm. Qurban Qurbanov özü də istəyirdi ki, yığmadan getsin. Eyni sahədə iki işi əldə tutmaq çox çətindi. Məsələn, mən PFL prezidenti olmaqla yanaşı, başqa sahədə nəsə bir iş görə bilərəm. Ancaq həm elita, həm birinci divizion, həm də Region Liqasını təşkil etmək, ora diqqət ayırmaq mənim üçün çox çətin olardı. Fiziki cəhətdən bunu çatdıra bilmərəm. Çünki hər biri ayrılıqda başqa-başqa yarışlardı. Hərəsinin özünə görə ab-havası, çətinliyi var. Elə vaxt olub ki, Rəşad Sadıqov günlərlə evinə baş çəkə bilməyib, Qurban müəllim günlərlə başqa-başqa ölkələrə, şəhərlərə səfər etməli olub. Qısaca onu deyim ki, belə olması daha yaxşıdı.
 

Sözlərinizdən belə başa düşdüm ki, siz Qurban bəyin yenidən “Qarabağ”a daha çox diqqət ayırmasını və klub səviyyəsində daha böyük uğurlar qazanmasını istəyirsiz.
– Son illərdə o qədər “Qarabağ” deyilib ki, çoxlarının bu kluba simpatiyası olduğu kimi, antipatiyası olan insanlar da formalaşıb. Ancaq ikinci zümrəyə aid olanlar unudurlar ki, heç bir idman növündə əldə olunan uğur “Qarabağ”ın futbolda etdikləri kimi ölkəyə divident qazandırmayıb. Bütün Avropa məhz bu klubun sayəsində bildi ki, işğal altında olan Qarabağ Azərbaycana məxsusdu. Bu heç də balaca bir iş deyil. “Qarabağ”ın Çempionlar Liqası kimi mötəbər turnirin qrupuna düşməsi ölkə adına böyük qürur idi. Bəzi insanlar Qurbanı sevməyə, Rəşadı dəyərləndirməyə bilər. Klub rəhbərliyinin xarici vətəndaşlar olmasını qabartdılar, Raminlə Qurban dostdular deyə, acığıma onu pisləməyə çalışdılar. Ancaq həmin bəxbəxtlər başa düşmədilər ki, Çempionlar Liqasının himni Bakıda səslənəndə dünyanın neçə ölkəsində bizi istəməyən nankorlar paxıllıqlarından partladılar, əsəb gərginliyi keçirdilər, yanıb-yaxıldılar. Bu getdi. Həmin himn yaxın 15 ildə Azərbaycanda bir daha səslənməyəcək.
 

Ramin bəy, sizi həmişə nikbin insan kimi tanımışıq. PFL prezidenti də belə fikirlər səsləndirirsə, deməli, həqiqətən də Azərbaycan futbolunda əməlli-başlı çöküş yaşanır. Niyə bu qədər ümidsiz və bədbinsiz?
– Əvvəla, bütün reqlament dəyişib. İndi qrupa düşmək daha çətindi. İkincisi, bu gün real durum belə deməyə əsas verir. Burda söhbət tək futboldan getmir. Mən kənar müdaxilələri də nəzərdə tuturam. Biz öndə gedəni dəstəkləmək əvəzinə, badalaq verməyə, balta vurmağa çalışırıq. Siz bir misal çəkim. Bu gün “Futbol+”in baş redaktoru Mahir Rüstəmlidi. Tutaq ki, mən onunla düşmənəm. Bir-birimizi görməyə gözümüz yoxdu. Qəzetin, onun kollektivinin burda nə günahı var? Bu günlərdə Qurbanın əleyhinə müəyyən təbliğat getdi. Adam görmüşəm ki, vaxtilə qatı “Qarabağ” azarkeşi idi. Ancaq indi mövqeyini dəyişib. Səbəbini soruşuram ki, sənin mövqeyini dəyişməyinin kökündə nə durur? Deyir incimişəm. A bala, kimdən? Qurbandan. “Niyə” sualıma “Onun barəsində belə sözlər deyirlər” cavabını verir. Rəşadla bağlı da müəyyən fikirlər səsləndirirlər. “Qarabağ” nə Qurbanındı, nə də Rəşadın. Bu klub artıq bizim üçün klubdan da artıqdı, ölkənin markasıdı. Söhbət burda addan gedir. Biz bu ada hörmətlə yanaşıb, onun daha da hörmətə minməsinə çalışmalıyıq. Əfsuslar olsun ki, bu gün bəziləri bunu etmir. Niyə? Çünki onların daxili çürükdü, paxıllıq həmin şəxsləri içdən yeyir, məhv edir. Paxıllıq elə mərəzdi ki, illərlə dost olan insanları bir-birinə düşmən edər. Hər şeyi görə-görə gəlirik.
 

“Doğmamıza da, yadımıza da eyni gözlə baxmışıq” 

– Mövsümün qalan hissəsində hakimliyi də dəyərləndirərdiz. Hakim və Hakim-İnspektorlar Komitəsinə yeni əcnəbi rəhbər təyin olunsa da, səhvlər nəinki azalıb, əksinə daha da çoxalıb. İllər əvvəl işində yol verdiyi nöqsanlara görə hakimlikdən uzaqlaşdırılanlar artıq komitədə rəhbər vəzifələrə təyin olunublar…
– Yeni gələn sədrin sehrli çubuğu var idi. Təəssüf ki, Bakıya gələndə onu yaddan çıxarıb evdə qoyub (gülür). Bu yazıq qısa müddətdə nə etməlidi? Mənə elə gəlir ki, bu qərar 5 il gecikib. 5 il əvvəl belə qərar qəbul olunsaydı, indi mənim ürəyimə 5-ci stend qoyulmazdı. Hansısa oyunda komandalardan birinin futbolçusuna yersiz sarı vərəqə göstərilib. Ertəsi klub nümayəndələri yanlarında çay daşıyanları, video çəkənləri, qapı açıb-bağlayanları tökülüşürdülər PFL-ə. “Ramin müəlllim, hakim niyə o vərəqəni verdi, laysman niyə bayrağı 5 saniyə gec qaldırdı” sualları ilə məni cana-boğaza yığırdılar. Penaltiyə səbəb olan, penaltini vurmayan, boş qapıya düşə bilməyən futbolçu qalırdı bir tərəfdə, əsas günahkar PFL və Ramin Musayev olurdu. Bu qərarı gündəmə gətirənin Allah balasını saxlasın. İndi elə rahatam… Nə klub rəhbəri gəlir, nə qışqır-bağır salan, nə montaj studiyasının əməkdaşları ilə birgə əlinə bir yığın disk götürüb gələn nümayəndə. Hətta mübahisə doğuran epizoda görə fotosessiya edənlər də var idi. Qadasın aldığım yeni sədr qapını bağlayıb, hamıya da deyib ki, nədənsə narazısızsa, etirazınızı yazılı formada göndərin. Klublar da yazıb göndərirlər. Şikayətlərinə də baxılır və qərar verilir. Bu gün gənc hakimlərə şans verilir. Biz isə bunu edə bilmirdik. Çünki gənc ədalət təmsilçisi hardasa səhvə yol verə bilərdi. Gənc futbolçu meydana çıxıb səhv etdiyi kimi, elitada hakimliyə yeni başalayan referi də eyni aqibəti yaşaya bilərdi. Bu gün Azərbaycan hakimliyinin ən parlaq siması olan Əliyar Ağayev də səhv edə-edə bu səviyyəyə çatıb. Bundan sonra da səhvləri olacaq. Heç bir ədalət təmsilçisi bundan “sığortalanmayıb”. Ancaq Frits Stuxlikin gəlişinə qədər referinin ən xırda, elementar yanlışlığı klub rəhbərlərini az qala üsyan etmək vəziyyətinə çatdırırdı. Biz də bunu nəzərə alıb, gənclərə yol açmırdıq. Bu gün sevindirici haldı ki, Stuxlikə belə imkan yaradılıb. Həmin gənc hakimlər də bizim balalarımızdı. O ki qaldı vaxtilə hakimlikdən uzaqlaşdırılıb, yenidən komitəyə qayıdanlara, adam öldürən cinayətkar da 10-15 il cəzasını çəkdikdən sonra azadlığa buraxılır. Ona da normal insanlar kimi yaşamaq üçün şərait yaradılır. Əsas odu ki, həmin cinayətkar yenidən köhnə əməlinə qayıtmasın.
 

PFL-in taleyi necə olacaq? 

– Nəyə görə bu sualı verdiz?
 

Yayılan söz-söhbətlərə görə, rəhbərliyiniz altında çalışanlara “özünüzə yeni iş yerləri tapın” demisiz. Bu isə yaxın vaxtlarda PFL-in fəaliyyətini dayandıracağı anlamına gəlir. Bu məsələ nə dərəcədə realdı?
– Qətiyyən belə şey yoxdu və heç kimə də bu sözləri deməmişəm. PFL-in kollektivi həmişəki kimi, hətta şənbə və bazar günləri də işləyir. Ötən həftə də belə olub, bu dəfə də belə olacaq. Fasilə olmasına baxmayaraq, PFL rəhbərliyi, sıravi içlilər yenə iş başındadılar. Çempionat oyunları oldu-olmadı, bu bizdə artıq bir vərdiş halına çevrilib. Evə bir qədər tez gedəndə evdəkilər “sizi işdən çıxartdılar” sualını verirlər (gülür). Bəzi klubların rəhbərləri deyirlər ki, PFL bizim nəyimizə lazımdı? Bu cür düşünənlər də halal yox, haram pul yemək istəyənlər, şəxsi mənafelərini fikirləşənlərdi. Məhz PFL yaranandan sonra klublarımız qitəmiqyaslı turnirlərdə uğurlu çıxış etməyə, hakimlərimiz inkişaf etməyə başladı. Bu gün 1-ci kateqoriyaya yüksələn ədalət təmsilçimiz var. Ona bu şəraiti kim yaratdı? Təbii ki, PFL. Heç kim bu gün deyə bilməz ki, Ramin Musayevin rəhbəri olduğu qurum bizə qarşı haqsızlıq edib. Doğmamıza da, yadımıza da eyni gözlə baxmışıq. PFL fəaliyyətə başlamamışdan öncə 3-cü yeri tutan komanda avrokuboklarda çempion olan kollektivdən daha yaxşı çıxış edirdi. Niyə? Çünki bürünc medal qazanan kollektivə qarşı çempionatda haqsızlıq olunurdu. “Neftçi”də işlədiyim dönəmdə dəfələrlə bununla üzləşmişəm. Başımıza döyə-döyə çempionluğu əlimizdən alırdılar. Ancaq avrokuboklarda biz güclü olduğumuzu göstərirdik, hamı da başa düşürdü ki, əslində qızıl medallar bizə qismət olmalıydı, başqasına yox. Bəzən deyirdilər ki, Raminlə Sadıq dostdu, ona görə də Musayev 5 il ardıcıl onun komandasını çempion etdi. Komandanın ölkə futbolu tarixində ilk dəfə Avropa Liqasının qrupuna düşməsinə də mən yardım etdim? “Raminlə Qurban dost olduğundan ağdamlılar ölkə çempionatında “at oynadır” deyənlər də var. Bəyəm mən “Qarabağ”ı Çempionlar Liqasının qrupuna vəsiqə qazanmasını təmin etdim? Elə insanlar var ki, belə axmaq fikirlərə inanırlar. Bu fikirləri cəmiyyətə sırımaq istəyənlər belə işləri, kütlənin beynini “yeməyi” bacarırlar. 

Həmin kateqoriyadan