Çempion karateçimiz: “Əvvəllər küçədə mənə sataşan olanda, dava edirdim”

Milli olimpiya komitəsinin “Özünü qorumağı bacar” rubrikasının növbəti qonağı karate millisinin üzvü, 4-cü İslam həmrəylik oyunlarının gümüş medalçısı Fəridə Əliyeva olub. Allsport.az xəbər verir ki, xanım idmançı maraqlı fikirlər səsləndirib:

“12 ilə yaxındır ki, karate ilə məşğul oluram. Əvvəllər küçədə mənə sataşan olanda dava edirdim, amma peşəkar idmanla məşğul olandan sonra əsəblərim daha sakitdir və daha təmkinliyəm. Demək olar, 15 yaşdan bu tərəfə küçədə dava iştirakçısı olmamışam. Mənimlə birgə karateyə bəlkə də, 50 uşaq başlamışdı. İndi yalnız üçümüz milli üzvüyük. Bu necə olur? Təmkin olmaq, inanmaq və idmanı sevmək lazımdır. İnsan daxilindəki motivasiyanı gücləndirməlidir. Bir gün məşqə gecikəndə evdə ağlayırdım. Tıxaca düşdüyüm üçün məşqə gecikəndə özümdən çıxırdım, əsəbləşirdim. İdmanı sevmək lazımdır.

Müəyyən yaşa qədər mənə dəstək olublar, amma sonradan idmandan uzaqlaşdırmaq istədilər. Qardaşımla birgə hazırlaşırdıq. Ancaq mən idmandan uzaqlaşmaq fikrində deyildim. Atam bunu bilməsin, evdən qaçıb, məşqə gəldiyim günlər olub.

Bu il İqdisad universitetinin məzunu oldum. Çətin fakülətədə təhsil aldım. İdmanla təhsil birgə çətin alınır. Lakin insanın içində istək olanda çatdırmaq olur”.

Daha sonra Fəridə Əliyeva müdafiə fəndləri göstərib. Yekunda o, xanımlara tövsiyə edib: “Özünüzü əzdirməyin. Daim özünüzə inanın, dikbaş olun. Gücünüzü göstərməkdən çəkinməyin!”

Həmin kateqoriyadan