AAAF İdman Arbitraj Məhkəməsinə şikayət edəcək

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının idmançılarımızın olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına cavab olaraq, Azərbaycan Ağır Atletika Federasiyası İdman Arbitraj Məhkəməsinə şikayət verməyi nəzərdə tutur. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar olaraq AAAF beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.

Ölkəmizdə idmana yüksək diqqət və qayğı göstərilir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda Olimpiya hərəkatı daha geniş vüsət alıb.

Bu gün Azərbaycanda idmanın əksər növləri sürətlə inkişaf edir. Sevindirici haldır ki, ağır atletika da bu sırada xüsusi yer tutur. Ağır atletika tarixən ölkəmizdə geniş yayılmış idman növlərindən biri olub. AAAF geniş maddi-texniki bazası olan qabaqcıl idman infrastrukturu yaradıb. Həmçinin ölkəmizdə Ağır Atletika Akademiyası uğurla fəaliyyət göstərir. Bütün bunlar ona gətirib çıxarıb ki, Azərbaycan ağırlıqqaldıranları son illər beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.

Müsbət nəticəli dopinq testlər ilə bağlı dünyada baş verən son hadisələr Azərbaycan atletlərindən də yan keçməyib. Buna görə də Beynəlxalq Ağır Atletika Federasiyasının idmançıların diskvalifikasiyası haqqında qərarı suallar doğurur. Azərbaycan Ağır Atletika Federasiyası da bu suallara cavab almağa ümid edir.

Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkədən biridir. Bununla yanaşı, Azərbaycan Konvensiyaya qoşulduqdan sonra Milli Məclisi tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsilə antidopinq üzrə qanunun fəaliyyət göstərdiyi ilk ölkələrdən biridir. Bütün bunlar AAAF-in şikayətinin beynəlxalq instansiyalarda müsbət həllini tapacağını deməyə əsas verir.

Həmin kateqoriyadan