“AAAF Park Moldova”da Zirvə kuboku bu dəfə açıq havada keçirilib

Kişinyovun İvança qəsəbəsində “AAAF Park Moldova” idman və əyləncə kompleksində ağırlıqqaldırma üzrə 10-cu Zirvə kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, ənənəvi yarış bu dəfə açıq havada qurulan yarış körpücüyündə təşkil edilib. Yarış həm kompleksdəki idman zalların açılışı, həm də Azərbaycan millisinin sabiq üzvü, olimpiya oyunlarının bürünc mükafatçısı, bir müddət əvvəl vəfat edən Veliçko Çolakovun xatirəsinə həsr olunub.

Rəqabətdə Sinkleyr cədvəli üzrə iki qrupda – qadınlar və kişilər arasında qalib və mükafatçılar müəyyənləşib. Kişilərin mübarizəsində moldovalı Sergey Çekir toplam 299 kq (134+165) nəticə və 389,07 xalla qızıl medala sahib olub. Qadınlarda Gürcüstanı təmsil edən ukraynalı atlet Anastasiya Qotfrid qızıl medal qazanıb. O, toplam 270 kq (125+145) nəticə ilə 293,86 Sinkleyr xalı toplayıb.

Böyük marağa səbəb olan yarışı AAAF-in vitse-prezidenti Tofiq Heydərov, Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, bu ölkənin gənclər və idman nazirinin müavini Pavel Yanets, Azərbaycanın Moldovadakı səfirliyinin birinci katibi Leyla Orucova və ictimaiyyətin nümayəndələri, idmansevərlər izləyiblər.

Yarışın bağlanış mərasimində Tudor Kasapu, Pavel Yanets və AAAF-in baş katibi Rizvan Rəsulov çıxış edərək belə yarışların təşkilinin idmanın bu növünün təbliği və kütləviləşməsi baxımından önəmini vurğulayıblar. Həmçinin bu cür təşəbbüslərin ölkələrimiz arasında idman sahəsində səmərəli əməkdaşlığın göstəricisi olduğu diqqətə çatdırılıb.

Azərbaycanın və Moldovanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbir bədii hissə ilə davam edib.

Həmin kateqoriyadan