AAAF və AMADA-nın dopinqə qarşı növbəti toplantısı

AAAF park yaşayış kompleksinin konfrans zalında İWF-in təlimatına əsasən AAAF və AMADA-nın birgə anti-dopinq seminarı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə dinləyici qismində idmançılar, müxtəlif ixtisaslı mütəxəssislər, inzibati və rəhbər şəxslər iştirak ediblər. Seminarda idman ruhu, pozuntu növləri və sanksiyalar, hər zaman qadağan edilmiş maddələr, qadağan edilmiş üsullar, “nəyi mütləq bilməlisiniz” və digər bu kimi mövzular barədə danışılıb.

Toplantını giriş sözü ilə AAAF-ın baş katibi Rizvan Rəsulov açıb. O, mütəmadi keçirilən seminarların əhəmiyyətini qeyd edib, federasiyanın dopinqlə mübarizə işinə böyük töhfə verdiyini bildirib. Rəsulov AMADA ilə sıx əməkdaşlığın ölkə idmanının təmiz və rəqabətədavamlı inkişafına təkan olduğunu da sözlərin əlavə edib.

Sonra AMADA-nın mühazirəçiləri Dr. Fərid Əliyev (Terapevtik İstifadə üçün İstisna (TUE) Komitəsinin sədr müavini) və Lalə Hacıyeva (təhsil və təlim üzrə menecer) çıxış edərək məlumatlar veriblər.
İlk öncə idmanda idman ruhu barədə danışılıb. Qeyd olunub ki, mənəviyyat, ədalətli oyun, düzgünlük, sağlamlıq, çıxışda mükəmməllik, xarakter və təhsil, əyləncə, komanda işi, həsr etmə və sadiqlik, qayda və qanunlara hörmət, özünə və digərlərinə hörmət, cəsarət, ictimailik və həmrəylik bu baxımdan əsas meyarlardır. Daha sonra qaydaların tətbiqi səbəbləri, onlara riayət edilməməsi halında mümkün olacaq cəzalar, gen dopinqi kimi qadağan edilmiş üsullar və digər məsələlər barədə məlumatlar verilib.

Qadağan olunmuş preparatların siyahısı haqda ümzakirələrdə həmin siyahının yenilənmə dövrü, ora salınan maddələrin daxiledilmə səbəbləri, yəni idman göstəricilərinin artırılması, idmançının sağlamlığına zərər vurulması, idman ruhuna zidd olmasının əsas götürülməsi qeyd olunub.

Seminarda idmançılara bildirildi ki, onlar istənilən yerdə, istənilən zaman heç bir xəbərdarlıq almadan dopinq testindən keçirilə bilər (həm yarışma müddətində, həm yarışmadan kənar müddətdə), idmançının bədənində aşkar edilən hər bir maddəyə görə idmançı məsuliyyəti yalnız özü daşıyır. Qaydalara əsasən idmançı anti-dopinq qaydalarına riayət etməli, anti-dopinq qayda pozuntuları səbəbindən idmandan kənarlaşdırılmış hər hansı bir şəxslə əməkdaşlıq etməməli, qadağan edilmiş maddələrin bədəninə daxil olmamasını və qadağan edilmiş üsulun istifadə olunmamasını təmin etməli, alınan müalicənin qadağan edilmiş maddələr və üsulların siyahısına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı, məkan məlumatını təmin etməli, “İynələrə yox” siyasətinə sadiq qalmalıdır.

Yığıncaq həm də interaktiv şəkildə keçib. Dinləyicilər onları maraqlandıran sualları mühazirəçilərə ünvanlayaraq cavab alıb, mövcud və ya gələcəkdə qarşılaşa biləcəkləri problemlər barədə müxtəlif müzakirələr aparıblar.
AAAF-ın son zamanlar dopinqlə mübarizəyə sərf etdiyi əmək, görülən işlər, əldə olunan nəticələr təqdir edilib. Qeyd olunub ki, qadağan olunmuş maddələrdən istifadə edərək nəticə qazanmaq istəyi böyük bir bəladır və onun qarşısını almaq böyük vaxt və çalışma tələb edir. Federasiya bu istiqamətdə xüsusilə də gənc nəslin maarifləndirilməsinə böyük önəm verir, idmançıların onları gözlədiyi təhlükəni bilmələri, dərk etmələri üçün əlindən gələni edir.

AMADA-nın fəaliyyəti də vurğulanmalıdır. Bu qurumun əsas funksiyaları anti-dopinq proqramının idarəetməsi və təşviqatı, yarışma müddəti və yarışmadan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası və cəmiyyət və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə məlumatlandırmadır.
AAAF bu kimi seminarların vacibliyi anlayır və mütəmadi təşkilinin tərəfdarıdır.

Həmin kateqoriyadan