Tamerlan Abdullayev: “Çalışacağam ki, hamını sevindirim”

Noyabrın 29-da və 30-da AİBA Proboxing turnirində növbəti döyüşlər keçiriləcək. Allsport.az xəbər verir ki, ilk yarış günündə çəkisi 69 kq olan boksçular, bazar günü isə superağır çəki dərəcəsində mübarizə aparan idmançılar rinqə çıxacaq.

Bu gün çəkisi 69 kq olan boksçular çəki mərasimində və mətbuat konfransında iştirak ediblər. Noyabrın 29-da, saat 19:00-da başlayacaq yarışda həmyerlimiz Tamerlan Abdullayev Macarıstan təmsilçisi Qyula Keytlə qarşılaşacaq.

Qeyd edək ki, Abdullayev ötən görüşdə zədə alan Fariz Məmmədovu əvəzləyib. Milli komandamızın üzvü rəqibin döyüş tərzini təhlil etdiyini və qələbə qazanmaq üçün çalışacağını bildirib. Boksçumuz karyerasında ilk dəfə 6 raundluq döyüşə çıxmasına baxmayaraq, buna hazır olduğunu vurğulayıb: “Təxminən 3 həftə əvvəl bəlli oldu ki, Fariz Məmmədovu mən əvəzləməli olacam. Milli komandanın məşqçiləri ilə yaxşı hazırlıq keşmişik. Bilirəm ki, diqqət mərkəzindəyəm, hamı məndən qələbə gözləyir. Çalışacağam ki, hamını sevindirim”.

Milli komandamızın məşqçisi Nəriman Abdllayev “Fariz Məmmədovu niyə məhz Tamerlan Abdullayev əvəzlədi” sualını belə cavablandırıb: “Bu çəkidə son Azərbaycan çempionu Pərviz Bağırov olub. Ancaq Bağırov hazırda “Baku Fires” klubunun heyətində təlim-məşq toplanışındadır. Abdullayev son ölkə çempionatında 3-cü yeri tutmuşdu. Amma bu, onun rəqiblərindən geri qalmasını göstərmir. Tamerlan elə Pərvizlə də başabaş mübarizə aparmışdı. Abdullayev dəfələrlə Azərbaycan çempionu olub. Biz ona inanırıq”.

Həmin kateqoriyadan