Kamran HACI
Adı Mikayıl olsada, əməlləri başqa mələyi xatırladır

Kamran Hacı | kamran-haji@mail.ru

Qədim Şərq ədəbiyyatının əvvəlcə xalq arasında yaranıb, sonra müxtəlif kahinlər və guşənişin müdrik filosoflar tərəfindən işlənən «Kəlilə və Dimnə» ibratəmiz hekayələrlə zəngindir. Kitabın əvvəlində iki çaqqaldan bəhs edilir. Biri ağıllı, digəri tamahkar və vəzifəpərst olur. Min bir hiylə-fəndlə sarayda yüksəlmək eşqiylə alışıb-yananın adı Dimnə olur. O, yaxın dostu, sirdaşı Kəliləyə məkrli niyyətini bu cür açır: «İnsanlar müxtəlif vəziyyətlərdə olurlar. İstedad və qabiliyyəti olanlar özlərini alçaq durumdan ali dərəcəyə çatdırırlar. Mən bilirəm ki, şahın yaxın adamları və onların sələfləri həmişə yüksək mənsəbdə olmamışlar, onlar əvvəl uzaq olmuş, sonra yavaş-yavaş yaxınlaşaraq bu dərəcəyə çatmışlar… Deyirlər, hələ indiyə qədər sarayda elə adam olmamışdır ki, o, şahın qəzəbinə dözmədən, onun təhqirlərinə davam gətirmədən, ondan vəzifə almasın. Şah mənim fikrimə görə, yaxşı və ölkənin xeyrinə olan bir işə başladıqda, mən həmin işi onun gözündə böyüdüb daha çox tərifləyər, bu tədbirin verəcəyi faydaları daha da şişərdərək onu gözəl boyalarla bəzəyər və şahın sevincinin artmasına səbəb olaram. Ağıllı və danışmağı bacaranlar, yalanı həqiqətə və həqiqəti yalana çevirməyi bacararlar»…

III-IV əsrlərdə qələmə alınan əsərin bu hekayəsi, elə bil dövrümüzn qəhrəmanı, dəqiq desəm, AFFA-nın baş katibi Elxan Məmmədovun söz daşıyanı Mikayıl Nərimanoğlu üçün yazılıb. And və söz kişiyə görə müqəddəsdir, bunu nümunə göstərib «İstibdad divanı abzaslarda» başlıqlı yazımda qeyd etdiyim kimi «futbol assosiasiyamızın mətbuat katibinin «əmsal tərəzisi»»ni müzakirəyə çıxarmaq qərarına gəldim. Mikayıl Nərimanoğlu adi yazıb-pozan olub, müxtəlif, əsasən də dövlətə yaxın mətbu orqanlarında çalışıb. Nə idmanla bağlılığı olub, nə də bu sahədən məqalə yazıb. Onun bəxt ulduzu 2005-ci ildə parlayıb.
O vaxtlar əsl həmkar, dəyərli publisist, «Səhər» qəzeti ilə şöhrətini daha ucaldan Məzahir Süleymanzadə futbol millimizin ilk əcnəbi baş məşqçi Karlos Alberto Torresin sonrakı fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu açıq-aşkar rəhbərliyə bildirən şəxslərdən olur. Amma fikrinin və çıxış yolu ilə bağlı təklifinin nəzərə alınmadığı görən Əməkdar jurnalist vəzifəsindən könüllü istefa verir.

Bəs sonradan onun yerinə keçən Mikayıl Nərimanoğlu necə işlədi? «Ay-ulduzlular»ımızın evdə Serbiya komandasına 1:6 uduzduğu zaman (həmkarlarım, yəqin, xatırlayarlar, bir azarkeş bu acı məğlubiyyətə elə üzülür ki, matç bitəndən sonra tribunadan heç yana getmir, bir saat hönkur-hönkür ağlayır), sonradan Berti Foqtsun yarıtmaz fəaliyyəti və futbolumuzun hədər gedən 6 ilində heç tükü tərpəndimi? Bunlar azmış kimi, özünə yaxın KİV əməkdaşlarına bu uğursuzluğa don geyindirmək bağlı sifarişli yazılar dərc etdirdi. Ağası Elxan Məmmədov media komitəsi (MK) təşəbbüsünü irəli sürəndə çox sevinmişdi: məzlum mətbuatı qurumdan daha asılı vəziyyətə salacaq, bir-birlərinin üstünə qaldıracaq; jurnalistləri hər vəchlə aşağılayıb cüzi pay-pürüş bağışlayaraq, onun onsuz da bağlı dilini içəridən bir az da buracaqdılar. Düzü, bu niyyətinə nail olub, özü də çox erkən. MK-nın hər 3 aydan bir maksimum 1500 manat müqabilində elan etdiyi layihənin, əsasən, birləşmiş sayt və qəzetlərə şamil etməsi buna əyani sübutdur. Hər KİV-ə ayda ən çox 250 manat düşür. Bu, aşağılamaq deyil, bəs nədir? «Sapı özümüzdən olan balta» belə durumdan çox razıdır, futbolumuzun sədri-əzəminin məkrli tapşırığını artıqlaması ilə yerinə yetirir.

«Qanun naminə» filmində rayon icraiyyə komitəsinin sədri yoldaş Kamilovun aldığı ordenlerlə qürrələnib, tez-tez prokuror Mehmana işlətdiyi «tərəzi» sözünü, indi bizim Mikayıl yamsılayır. Peşmansan bir söz deyəsən, hansısa məsələdə narazılığını bildirəsən, haqqı tələb edəsən. O saat saxta «əmsal tərəzisi»ni gözə soxacaq, düz olduğunu inandırmağa çalışacaq. Binəva müsəlman olaraq müqəddəs Quranı oxuyub ki, orada bilə ki, tərəzidə (müqayisədə) aldatmaq haramdır və o dünyada bunun ağır cəzası var.
Kamilovun, heç olmazsa, vətənə xidmət muqabilində ordenləri vardı, buna görə ona hörmət qoyurdular. Bəs Mikayılın nəyi var? Quru Əməkdar jurnalist adı – müqəddəs sayılan, lakin unutduğu peşəsi.
KİV-in doxsan faizi ondan narazıdır, adına cürbəcür ləqəb qoşublar, ədəb xatirinə qələmə almaq istəmirəm. Üstəlik, aləmdən bixəbər unudub ki, bu fani dünyada heç nə əbədi deyil, «tərəzi-tərəzi» deyən təkəbbürlü Kamilovun axırı, işini itirməsi oldu. Amma Elxan Məmmədovun mətbuat sözcüsü onu kreslosuna qaynaq etdiyini zənn edir, baş verəcək böyük dəyişikliklərdən xəbəri yoxdur, elə bilir əbədi «ağ siyahıdadır», gənclər və idman nazirinin ərköyün mətbuat katibi Səmayə Məmmədova kimi.

Tədbirlərdə, stadionda jurnalistlər ondan danışıb eyinlərini açırlar. Xeybərlə Zərbəli dəfələrlə bunun şahidi olub; «Neftçi»nin azarkeşləridir, dag adamlarıdır, məhəlləmizə gəlib-gedirlər; komandanın keçmiş əməkdaşlarından biri bu iki sözgəzdirəni yaxşı tanıyır, elə adını çəkdiyim bu mətbuat katiblərini də. Hər ikisi ilə can-ciyərdir.
İndi görün çərxi-fələk necə tərsinə dövran edir ki, Mikayıl ilk fürsət düşdükdə, «İdman» qəzetini məsxərəyə qoyur, dolayısı gənclər və idman naziri Azad Rəhimovun işini yarıtmaz sayır, dövlətə sataşır. Hər dəfə deyir ki, «İdman»ın reytinqi yoxdur, zəifdir, niyə həftəlik çıxır; hətta «pressinq.az» saytını da izləyir, amma «idman.com.az»a baxmır, yəni bu saytı saymır. Onun sayqısızlığı Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tədbirə və 22 iyul Milli Mətbuat günündə «Dağla Arena»nın açılışında ölkənin ən qocaman idman nəşrini dəvət etməməsində isbat olunub. Belədə, o hansı üzlə “Fəxri bədən tərbiyəsi və idman işçisi” vəsiqəsini Gənclər və İdman Nazirliyindən qəbul edirdi? Atalar demişkən, adını çək, qulağını bur. Bu cümləni bitirər-bitirməz, Xeybərlə Zərbəlinin küçədən səsi eşidildi. Nə üçünsə mübahisə edirdilər, biri digərinə deyirdi: Adam kişi kimi yaşayar, insanda bir sifət olar!
Yəqin, Mikayılın dadı 2010-cu ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsində «Bakı» – «Buduçnost» (Monteneqro) matçında iş adamı Hafiz Məmmədovun qoyduğu maşın uduşunun onların ailəsinə nəsib olmasının şirinliyi hələ damağında qalıb.

Bəli, adı Mikayıl olsada, gördüyü əməllər başqa mələyi, Allah dərgahından qovulmuşu xatırladır. Ara vurmaqda, kiminsə ayağının altını qazmaqda, səfərə yollanacaq siyahıda xoşuna gəlməyən jurnalistin adını görcək silməkdə ustadır, təki yamanlıq etsin. AFFA-nın baş sponsoru SOCAR-dır, neft də ki, bildiyimiz qədərilə, xalqın təbii sərvətidir. Amma baş katibin söz aparanı elə bilir onun dədə-baba mülküdür, mətbuata təyinatı üzrə ayrılan maliyyəni necə istəyir, elə də yönləndirə bilər: reklamı yaxın, dost jurnalistlərə ötürmək, milli komandaların rəsmi və qeyri rəsmi səfər matçları, təlim-məşq toplanışlarına könlündən keçdiyi media əməkdaşlarını ezamiyyə etmək və sairə.
Sonda onun öz dili ilə müraciət etsəm, lap yerinə düşər: gəl belə danışaq, tam ciddi, xahiş edirəm nəzərə alasınız…

Həmin kateqoriyadan