Adil Əliyev yenidən AKF-ın prezidenti seçilib

Sentyabrın 12-də AKF-in hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə federasiyanın idarə heyəti, klub rəhbərləri, məşqçilər, hakimlər və yığma komandanın üzvləri iştirak ediblər. Toplantı iştirakçıları əvvəlcə Azərbaycan Müəllimlər İnstitutundakı Heydər Əliyev Mərkəzini ziyarət edib, ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoyublar.

Yığıncaqda çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıq Bağırov idmançıların ötən il qazandıqları uğurlardan danışıblar. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan natiqlər cari ildə kikboksçuların iştirak edəcəyi yarışlar barədə məlumat veriblər.

Federasiyanın prezidenti Adil Əliyev vurğulayıb ki, həm peşəkar, həm də həvəskar kikboksçularımız ölkəmizdə və xaricdə yüksək nailiyyətlər əldə edir, Azərbaycanın bayrağını zirvələrə qaldırırlar. Bildirilib ki, hazırda idmançılarımız bir neçə mötəbər yarışa hazırlaşırlar. Oktyabrın sonunda Serbiyanın paytaxtı Belqradda böyüklər arasında, noyabrın sonunda isə İrlandiyada növbəti dünya çempionatları keçiriləcək. Azərbaycan hər iki mötəbər yarışda təmsil olunacaq. Federasiya rəhbəri idmançılarımızın artıq təlim-məşq toplanışlarına başladıqlarını qeyd ediblər.

Tədbirdə çıxış edən digər natiqlər ötən illər ərzində federasiya rəhbərliyi tərəfindən görülən işləri müsbət qiymətləndirib, idmanın bu növünün bölgələrdə də inkişaf etdirilməsi istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıblar. Sonra Azərbaycan Kikboksinq Federasiyasının prezidenti vəzifəsinə seçkilər keçirilib. Milli Məclisin deputatı Adil Əliyev növbəti 4 il müddətinə AKF-ın prezidenti seçilib.

Həmin kateqoriyadan