AFFA Emin Mahmudovla Orxan Sadıqlının sarı vərəqələrini ləğv edib

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz premyer liqasının 24-cü turunun oyunları ilə bağlı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə sözügedən şəxslər cəzalanacaq.

“Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində ev sahibinin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra intizam komitəsi aşağıdakı qərarı qəbul edib:

Oyunun 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlıya göstərilmiş sarı vərəqə ləğv edilib.

“Neftçi” – “Qəbələ” matçının 63-cü dəqiqəsində “ağ-qaralar”ıin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun videoyazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra intizam komitəsi aşağıdakı qərarları qəbul edib:

Oyunun 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudova göstərilmiş 2-ci sarı vərəqə ləğv edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Həmin kateqoriyadan