AFFA mətbuat katibliyindən qovulan Mikaylı Nərimanoğlu niyə hər gün öz keçmiş otağında əyləşir?!

Anarın ssenarisi əsasında çəkilən «Dədə Qorqud» filmində bir epizod var. Qazan xan divanxanada Oğuz bəylərini ətrafına yığıb. Saray kənizləri onlara qulluq edir. Xanlar xanı bulaq suyunu içəndən sonra, igidlərdən oğlu Turalı soruşur. Alp Aruz cavabında, «Bayaq onu Qazlıq dağının yamacında görüblər, gül-çiçək dərirmiş»deyir. Bu ərənin sözü olmasın, dünən mən də Mikayılı Nərimanoğlunu AFFA-da, mətbuat və ictimaiyyətlə əlaqələr departamenti rəhbərinə məxsus otaqda gördüm. Daha doğrusu, mübarək səsinə eşitdim. Çünki otaq arasında «dəmir pərdə» əvvəlki vaxtdan fərqli, bu dəfə tam qapanmışdı. Cin də o tərəfə boylanıb nəsə görə bilməzdi. Bu üzdən, onun orda olduğunu, əzəmətli bədən quruluşunun cizgilərini həmin otaqdan digərinə keçən əməkdaşın ara qapını açmasından sonra təxmin etdim. Ehtiyat igidin yaraşığıdır. Özdüyümdə dedim: əməlləri başqa mələyi xatırlatsa da («Kəpəz yeyintisi» bunu bir daha isbatladı), söhbət Mikayıldan gedir, qoy dəqiqiləşdirim. Aşağı qata endim. Ordakılar ehtimalımı təsdiqlədilər. Dedilər ki, Nərimanoğlu hər gün işə çıxır. Bəs yaxşı, «Boz ev»in keçmiş sözçüsü köhnə kabinetində əyləşirsə, bu necə həmin vəzifədən çıxarılmadır? Və ya, onun yerinə təyin edilən həmkarımız Firuz Abdullaya niyə haqq etdiyi həmin otaqda çalışmağa imkan verilmir?

Burada başqa bir sual dayaranır: «Kəpəz olayı»nda Mikayıl Nərimanoğlunun baş katib Elxan Məmmədovla işbirliyi olub? Ona görəmi bu həngamədən sonra ona dəymirlər – köhnədən olduğu kimi, yenə oturub öz əziz kabinetində?Gəncə klubunun mühasibi Mənsurə Məmmədova da «Futbol+» qəzetinə müsahibəsin bütün oxları Mikayıl Nərimanoğluna yönəldib. Onun sözündən belə aydın olur ki, AFFA-nın «Kəpəz»ə göndərdiyi keçmiş xəbərçi bütün fırıldaqları və yeyintiləri baş katib Elxan Məmmədovun adıyla bağlayıb. Sitat: «Elxan müəllimin qəbulunda oldum. Son olaylarla bağlı söhbətləşdik. Mənə səhvlərdən danışdı. Mən isə ona bildirdim ki, Mikayıl Nərimanoğluna inanmışam. Onu da əlavə etdim ki, həmin şəxsi də siz təyin etmisiz. Belə olan halda mən necə inanmaya bilərəm?

Şahin Diniyevin 7 min manat maaş aldığını bilirdim. Amma karta köçürülən 10 min 500 manatdan kimə nə verdiyini bilmirdim. Mənə konkret siyahı gəlirdi. O siyahıya uyğun da pulları kartlara köçürürdüm. Mikayıl müəllimin hər şeydən xəbəri olub. Cabir müəllim də iş tapşıranda bunu Nərimanoğlu ilə razılaşdırmışam. Onun klubda adı gedən, işə çıxmayıb maaş alanlardan məlumatı var idi.
Mikayıl Nərimanoğluna nəsə sual verəndə cavabında «mən heç Elxan Məmmədova xəyanət edərəm? Mən inanılmış adam olmasaydım, baş katib məni bu vəzifəyə təyin etməzdi» cavabını eşidirdim. Onu mənə rəhbər qoyublarsa, dediklərini etməyə məcburam. Rəqəmlərdəki fərqi ona deyəndə isə əsəbi formada “Mənsurə xanım, mən sizə nə deyirəm onu edin. Bütün məsələlər «yuxarı» ilə razılaşdırılır» dedi».

Sport7.az saytının rəhbəri Amal Abışov bu məsələ ilə bağlı öz «Facebook» səhifəsində bu statusü yazıb: «Elxan Məmmədovun «Dalğa Arena»da verdiyi açıqlamaları bu gün «Futbol+»də tam başqa cür oxudum. Baş katib Mikayıl Quluyevin yeni işə təsdiqlənmədiyini deyir. Maraqlıdır ki, müsahibənin bu yerini saytlar verməyiblər. Daha maraqlısı odur ki, baş katib özü bir-neçə gün əvvəl Mikayıl bəyin uzun müddət bir vəzifədə işləyəndən sonra yeni sahədə sınanmasından danışmışdı. Görünən odur ki, adamlar kələfin ucun itiriblər. Bunları ifşa etdikcə daha betər olacaqlar. Davamı var!» Burda yenə yazıçı Anarın bir sənət əsəri yadıma düşdü. Amma bu dəfə hadisə filmdə deyil, tele-tamaşada, «Evləri köndələn yar»da cərəyan edir:

Şap elə bilir şuptadı, şup elə bilir şapdadı
Nə şapdadı, nə şupda, yaman tarap-trupda

Elçilər iş açdılar, iş açdılar qaçdılar
Üzük neyləsin indi, üzük bilmir kimindi
Üzük evə çaş duşub, yamanca çaş-baş duşub
Qız oğlana şad baxır, oğlan qıza yad baxır

Şap elə bilir şuptadı, şup elə bilir şapdadı
Nə şapdadı, nə şupda, yaman tarap-trupda

Üzün bilmir hardadı, üzük yaman dardadı
Canik üzük neyləsin, sözün kimə söyləsin
Üzük yaman çaş düşüb, yamanca çaş-baş düşüb
Qız oğlana şad baxır, oğlan qıza yad baxır

Elə Elxanla Mikayılın futbolda etdikləri də bir tamaşadır, çaş-baş düşüblər. Sadəcə, bilinmir sonları nə ilə qurtaracaq: komediya, yoxsa, faciə ilə. Hər halda, dramaturq 79 yaşında bunu səhnələşdirsə, böyük, özü də yüksək tirajlı əsər çıxarar. Bir tərəfdən də bəllidir ki, uzun müddət AFFA-nın mətbuat sözçüsü olan Nərimanoğlu ətrafına xeyli jurnalist dəstəsi yığıb. Belədə, təbii, onlar bu biabırçılıqdan ya heç nə yazmayacaqlar, ya da həmin məqamı ixtisar edəcəklər. Dövləti – Gənclər İdman Nazirliyinin rəsmi orqanı «İdman»ı sevməyən keçmiş xəbərçi futbol millisi ilə səfər oyununa, hətta ev-alqı satqısı «makler»ini heyətə qatmaqdan çəkinməyib. Bu azmış kimi, media komitəsinin idarə heyətinə öz həmyerlisini təyin elətdirib. Öz peşəsinə, həmkarına sayğı göstərməyən Mikayıl Nərimanoğlu son dönəmdə dövlətyönlu jurnalistlərə qarşı kinayəli olmuşdu. Görünür, KİVDF-dən mənzil qopara bilməyən ««Kəpəz»in qənimi»nə  həmin hadisə çox təsir edib.

Sport7.az saytını idarə edən həmkarım isə dayanmaq bilmir. O, bir qədər də dərinə gedib, yeni fatk aşkarlayıb: «Özünüz baxın və deyin, bu adamın neçə üzü var? Araşdırmalar bir az da dərinləşsə, inşallah ki, bu belə də olacaq, hələ Elxan Məmmədov çox adamlardan, çox sözlərindən imtina edəcək.

Bakı, 03 noyabr 2017-ci il. AFFA İK-nin toplantısından sonra Elxan Məmmədovun dedikləri. Mənbə apasport.az saytı: “Bu məsələdə söhbət rəqəmlərdən, kiminsə pul götürməsindən getmir. Hər şey şəffaf olaraq açıqlanacaq. İlk növbədə futbol nəticələri bizim tələblərimizə uyğun deyil. Keçən il də “Kəpəz”ə hüquqi baxımdan yoxlama getmişdi. Çalışırıq ki, hər il bunu edək. Mikayıl müəllim «Kəpəz»dən geri çağırıldı. Sonra isə AFFA-nın daxili strukturunda düşündük ki, o, burda kifayət qədər işləyib. Və bu vəzifəni öhdəliyinə götürməyə Firuz Abdulla tam hazırdı. Firuzla görüşüb təklif etdik və qəbul etdi. Biz Nərimanoğlunun sonda «Kəpəz»də və AFFA-dakı işindən razı deyildik. Ona görə bu qərarı verdik. Mikayıl müəllim bundan sonra komitələrdən birində koordinator kimi çalışacaq. Firuz Abdulla da öz strategiyasını bizə təqdim etməlidi”.

Bakı, 09 noyabr 2017-ci il. Azərbaycan – Almaniya (U-21) komandalarının görüşündən sonra Elxan Məmmədovun dedikləri. Mənbə “Futbol+” qəzeti: İnsan işləyib, öz öhdəliklərini düzgün yerinə yetirməyib və vəzifəsindən kənarlaşdırdıq. O cümlədən AFFA-dakı işini də düzgün görməyib. Bu üzdən postundan azad etdik. Jurnalistlər məndən soruşurlar ki, niyə Mikayıl Nərimanoğlu AFFA-da qalıb? İndi sual verirəm, Nərimanoğlunun dəqiq vəzifəsini deyə bilərsiz? Hələlik aydın deyil. Sadəcə, digər komitələrlə əlaqələndirici təyin etdik. Lakin təsdiqlənmədi».

Bəli, artıq adı çəkilən şəxslər başlarını itirib, nə dediklərini bilmirlər. Heyf Rövnəq Abdullayevə. Uzun müddət AFFA-ya rəhbərlik edir, futbolun inkişafı üçün heç nə əsirgəmir. Amma nəticə baxın: hər şey göz önündədir; bir də, onun 2 il öncə prezident olduğu Cüdo federasiyasına baxın: ordakı uğurlar da göz önündədir – Rio olimpiadasında 2 gümüş, Avropa çempionatında 2 qızıl, 3 bürünc, son dünya çempionatında 2 gümüş və 2 bürünc medallar! Demək, futbolda uğursuzluq icraçılarda, bunu daim görməz hala gətirən Mikayıl Nərimanoğlundadır!

Kamran HACI

 

Həmin kateqoriyadan