AFFA-nın baş katibi “Sumqayıt” üzərindəki hökmranlığını açıq etiraf etdi

Yaxın zamanlarda “Sumqayıt” futbol klubunda struktur dəyişikliyi baş verəcək. Allsport.az saytı xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov bildirib. O, klubda prezident vəzifəsinin Müşahidə Şurası formatında fəaliyyət göstərən digər klublardakı kimi, icraçı direktorla əvəzlənəcəyini söyləyib: “Mən bu məsələni klub rəhbərliyi ilə müzakirə etmişəm. İlin sonunda Ədliyyə Nazirliyində Əsasnaməni dəyişməlidirlər. Ona uyğun da sistem dəyişəcək. Müşahidə Şurası, sədr və icraçı direktor olacaq”.

Report.az-ın məlumatına görə, baş katib Sumqayıt şəhər icra hakimiyyəti başçısı vəzifəsində baş vermiş dəyişikliyin kluba hər hansı təsir ehtimallarına da münasibət bildirib. Baş katib bu məsələnin yeni rəhbərlikdən asılı olduğunu deyib: “İcra başçısının müavini Elgin Həbibullayev “Sumqayıt”ın Müşahidə Şurasında yer alır. Təbii ki, icra başçıları futbola böyük həvəslə yanaşsalar, həmin bölgədə futbol tez inkişaf edər”.

Qeyd edək ki, hazırda “Sumqayıt”ın prezidenti vəzifəsində Elxan Məmmədovun kadrı, AFFA-nın keçmiş əməkdaşı Kamran Quliyev çalışır.

Həmin kateqoriyadan