AFFA-nın konfransı keçirilib

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə millimizin ötən il keçirdiyi oyunlarda vurulmuş qollardan ibarət videoçarx nümayiş olunub. AFFA-nın prezidenti Rövnəq Abdullayev konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən Abdullayev görülən işlərin müsbət nəticələr verməkdə olduğunu qeyd edib.

Mandat komissiyasının sədri Rəmiş Malıyev məruzə edərək konfransın səlahiyyətli olduğunu bildirib. Səsvermələrin nəticəsini hesablamaq üçün tərkibi Rövşən Əhmədov, Vaqif Ömərov və Kərim Ağayevdən ibarət say komissiyası seçilib.

Konfransda FİFA və UEFA nümayəndələrinin iştirak etdiyini qeyd edən baş katib Elxan Məmmədov FİFA-nın Avropa ölkələri üzrə kuratoru Byorn Vassallonu FİFA-nın konrfansa müraciətini səsləndirmək üçün kürsüyə dəvət edib. Daha sonra baş katib geniş məruzə ilə çıxış edib, ardınca hesabat videoçarxı nümayiş olunub.

AFFA-nın baş mühasibi Xalid Cavadov 2017-cı ilin maliyyə hesabatını təqdim edib. Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Həsənovun hesabatı dinlənilib. Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə futbolun kütləviliyinin artırılması istiqamətində görülən işlərlə bağlı çıxış edib. UEFA-nın “HatTrick” proqramı haqqında təqdimatla konfransda iştirak edən Tyerri Favrenin fikirləri dinlənilib.

Azərbaycan milli komandasının da iştirak edəcəyi millətlər liqası turniri ilə bağlı UEFA-nın hazırladığı tanıtım videoçarxı izlənilib. Bundan sonra söz konfransda iştirak edən UEFA icraiyyə komitəsinin üzvü Con Delaneyə verilib.

Konfransın öz işini bitirdiyini elan edən AFFA-nın prezidenti Rövnəq Abdullayev konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı, xanımları isə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Sonda AFFA və UNİCEF-in birgə hazırladığı videoçarx izlənilib. Konfransdan sonra icraiyyə komitəsinin iclası, ardınca isə AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə mətbuat konfransı keçirilib.

Həmin kateqoriyadan