AFFA prezidenti: Avropa liqasının finalına ev sahibliyi idman həyatımızda əlamətdar hadisədir

UEFA-nın icraiyyə komitəsinin iclasında 2019-cu ildə keçiriləcək çempionlar və Avropa liqalarının final oyununu qəbul edəcək stadionların adları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, bununla bağlı Rövnəq Abdullayev affa.az-a açıqlama verib:

“2019-ci ildə təşkil olunacaq UEFA Avropa liqasının Bakıda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar hər birimiz üçün çox sevindiricidir. Bu münasibətlə ölkəmizin bütün futbolsevərlərini təbrik edirəm. Bakı olimpiya stadionunun qitənin mötəbər klub turnirinin final oyununa ev sahibliyi etməsi respublikamızın idman həyatında əlamətdar hadisədir.

Açıqlanan qərarın Azərbaycanda futbolun inkişafına öz töhfəsini verəcəyinə əminik. Belə bir nüfuzlu turnirin oyunlarına ev sahibliyi etməyimiz ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu idman siyasətinin nəticəsidir.

Bu işdə əməyi olan hər kəsə təşəkkür edirik. UEFA icraiyyə komitəsinə təqdimatımızı yüksək qiymətləndirdiyinə görə, minnətdarlığımızı bildirir və bu etimadı da əməli işimizlə doğruldacağımıza inanırıq”.

Həmin kateqoriyadan