AFNF-nin icraiyyə komitəsinin iclası keçirilib

Futnet federasiyasının icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, qapalı toplantıdan öncə baş katibi Əfqan Həmzəyev ötən ildə görülmüş işlər barəsində məlumat verib.

Sonra federasiyanın prezidenti Vüqar Xəlilov icraiyyə komitəsinə yazılı şəkildə istefasını təqdim edib. O, işlərinin çox olduğunu və federasiyaya lazımi vaxt ayıra bilmədiyi üçün istefa verdiyini bildirib.

Daha sonra İK üzvlüyünə boş qalmış yerlərə səsvermə ilə yeni üzvlər – “Max Holding”in rəhbəri Kamran Məmmədov və ictimai işlərdə fəallığı ilə seçilən, media sahəsində yetərincə təcrübəyə malik olan Ziya Xəlilov seçilib.

AFF-in 2019-cu il üçün tərtib olunmuş tədbirlər planı təsdiqlənib. İcraiyyə komitəsi teqbol idman növünün də gələcəkdə futnet federasiyasının tərkibinə qatılmasının mümkünlüyünü araşdırmağı məsləhət görüb, 2019-cu ildə keçiriləcək beynəlxalq turnirləri və ölkə çempionatını geniş müzakirə edib.

Sonda fevral ayında federasiyanın hesabat seçki konfransının keçirilməsi qərara alınıb. Qeyd edək ki, fevralın 8-9-da futtennis üzrə ölkə çempionatı keçiriləcək. Fevralın 6-da isə çempionatın püşkatması olacaq. Oyunlar “Marafon İdman Klubu”nda təşkil ediləcək.

Həmin kateqoriyadan