Elcin CƏFƏROV
Ağdam «Qarabağ»ının tarixi zəfəri

Elcin Cəfərov | elchinjafarov@mail.ru

 

Srağagün Azərbaycan futbolunun tarixi günlərindən biri idi. Ölkəmizi UEFA Avropa Liqasında təmsil edən Ağdamın “Qarabağ” komandası səfərdə “Dnepr”ə (Ukrayna) qalib gələrək Azərbaycan futbolunda mühüm zəfərə  imza atdı. “Köhlən atlar” Avroliqanın qrup mərhələsində qələbə sevinci yaşayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşdü.

Eyni zamanda, “Qarabağ” qrup mərhələsində səfərdə 3 xal qazanan ilk Azərbaycan komandası oldu. Bu, 22 ildən bəri avrokuboklarda çıxış edən klublarımızın cari mövsümdə 9-cu qələbəsi idi. Beləliklə, bir mövsümdə ən yüksək nailiyyət əldə edildi. İndiyədək ən yaxşı nəticə ötən mövsümdəki 8 qələbə idi.

Doğrusu, heç kim klublarımızdan, o cümlədən “Qarabağ”dan belə bir uğur gözləmirdi. Çünki futbolu yenicə inkişaf edən bir ölkə olaraq  başlıca vəzifə qrup mərhələsinə vəsiqə qazanmaqdır. Lakin futbol hər cür nəticəyə açıqdır, bu oyunda sürpriz heç kimi təəccübləndirmir. Amma o da həqiqətdir ki, hansı proqnozlar verilirsə-verilsin, futbol meydanda oynanılır, heç bir komandaya qələbə asan başa gəlmir.

Bəli, “Qarabağ” oynadı və qazandı!

Ağdamlılar görüşə yaxşı başladılar. “Qarabağ” Avroliqanın qrup mərhələsində, bəlkə də, ən çətin matçını  keçirdi. Heç İtaliyada “İnter”lə oyunda da bu qədər çətin olmamışdı. “Dnepr” fiziki baxımdan güclü olsa da, hücum xəttində topu saxlamaqda çətinlik çəkirdi. Görünür,  komandamızın baş məşqçisi  Qurban Qurbanov rəqibi yaxşı təhlil edərək onların hansı mövqelərdə daha yaxşı və  zəif  təsir bağışladığını futbolçulara izah etmişdi. Daha çox əks-hücumla qol vurmağa çalışan “Qarabağ” çox keçmədən istəyinə nail oldu.  Rəqibin sağ cinahda itirdiyi topu ələ keçirən Almeyda  onu Muarem Muaremə ötürdü. Makedoniyalı futbolçu cərimə meydançasında usta fəndlə  müdafiəni çaş-baş salaraq topu qapının sağ küncünə yönəltdi -1:0

Bundan sonra “Qarabağ” müdafiəyə çəkilərək rəqibin  oynamasına imkan vermədi. Hətta “Dnepr” matç boyu qapımızın qarşısında real qol vəziyyəti yarada bilmədi. Düzdür, təhlükələr oldu, ancaq demək olmaz ki, meydan sahibləri inanılmaz şanslarını əldən verdilər.
Beləliklə, “Qarabağ” düzgün taktika seçərək sözün həqiqi mənasında tarix yazıb böyük uğura imza atdı. Şaxtalı havada oyunu izləyən həmvətənlərimizin də “Qarabağ! Qarabağ!” sədaları Kiyev Olimpiya stadionunu bürümüşdü.
Onu da qeyd edək ki, təmsilçimizin bu qələbəsi ölkəmizin xal ehtiyatını da zənginləşdirdi. Ağdamlılar Azərbaycanın reytinqinə əlavə 0.500 bal yazdırdı. Hazırda UEFA reytinqində 53 ölkə arasında 12 balla 29-cu pillədəyik.

Səfərdə qalib gəldiyimiz “Dnepr” elə-belə rəqib deyil. Komanda iki dəfə SSRİ çempionu olmuş, bir  dəfə SSRİ kubokuna, bir dəfə SSRİ Superkubokuna sahib çıxmışdır. Ukrayna çempionatında iki dəfə gümüş mükafatçı olmuş, üç dəfə Ukrayna kuboku uğrunda finalda oynamışdır. Ötən mövsümdə milli çempionatı 2-ci pillədə başa vurmuşdur. Ukrayna mətbuatında klubun büdcəsinin 90 milyon dollara yaxın olduğu qeyd edilir.  “Dnepr” hazırda ölkə çempionatının vahid lideridir. “Şaxtyor” (Donetsk), “Dinamo” (Kiyev) kimi güclü komandaları geridə qoymaq heç də asan iş deyil.
“Qarabağ” bax belə bir komandanı məğlub etdi. Bu qələbənin müəllifi olan futbolçular, məşqçilər, klub idarəçiləri hər cür tərifə layiqdirlər.

Gələn ayın 6-da komandamızı Bakıda “Dnepr”lə növbəti qarşılaşma gözləyir. Daha sonra səfərdə Fransa “Sent Etyen”i və doğma arenada İtaliya nəhəngi “İnter”lə…
İnanırıq ki, son illər qazandığı qələbələrlə və oynadığı futbolla azarkeşləri sevindirən “Qarabağ” bu matçlarda da yaxşı nəticələrə nail olub daha yeni bir tarixi zəfərə imza atacaq.

Uğurlar, “Qarabağ”!

“Azərbaycan” qəzeti

Həmin kateqoriyadan