AGF axırıncı yola keçdi: 5 əməkdaşı işdən çıxardı, yerdə qalanlara hədə-qorxu gəldi

Güləş federasiyasında acınacaqlı durum davam etməkdədir. Bütün yaş qrupları üzrə milli komandalarda çalışan heyət və idmançılara 2 ilə yaxın maaş borcunu, hakimlərə 4000 manat civarında idarəçilik haqqını ödəmək istəməyən rəhbərlik müxtəlif yollara əl atır. İndi əsas məqsəd, onları yalan vədlə gözlədib bezdirməklə, könüllü AGF-dən qaçırmaqdır. Bu siyasətlə köhnə borclardan qurtulmaq və təzə qüvvə yeni dönəmə başlamaqdır.
Allsport.az saytına daxil olan məlumata görə, federasiya mayın 31-dən heç bir əsas göstərilmədən 5 əməkdaşını işdən xaric edib. Bunlar yunan-Roma güləşi üzrə əlaqələndirici, əməkdar məşqçi Bağala Zamanov, Orxan İmamquliyev, Nərgiz Əliyeva, mühasibatlıqda çalışanlar Mikayıl Xaliqov və Nizami Hacıyevdir. AGF-in bu şəxslərə ilin ilk 4 ayının maaş borcu var.

Əldə etdiyimiz digər bilgiyə əsasən, yerdə qalan əməkdaşlara hədə-qorxu gəlinib: onlara işdən çıxarılanlarla ünsiyyət yasaqlanıb. Arada qalanlar hətta zənglərə cavab verməkdən çəkinirlər. Buna rəğmən, növbəti işdən azad etmə dalğası ehtimalı var. Federasiyanı ölkədə və Dağıstanda rüsvay edən, şəxsi marağını hər şeydən üstün tutan mətbuat katibi hələ vəzifəsindədir. «Ölməz Kaşşey»i xatırladan Mayis Musayevdən yaxa qurtarmaq elədə asan deyil. Maliyyə məsələləri üzrə o vaxtkı vitse-prezident Babək Bayeyev və keçmiş baş katib Əjdər Cəfərovun dönəmində dəfələrlə işdən xaric edilsə də, o, üzdülüyünə salıb ərizə yazmayıb. Amma indi durum çətindir, maaş hər zaman olmur. Onun da xəlvəti iş axtardığını söyləyirlər.

Üstəlik, Mayis Musayevin vitse-prezident Firdovsi Umudovla münasibəti əvvəlki səviyyədə deyil. Onların araları mayın 8-də apasport.az-da çıxan «Kaspiyskdəki rəzalət: Nazirlik federasiyadan hesabat istəyir» yazısından sonra dəyib. Baş məşqçi mətbuat katibindən həmin xəbərin saytdan götürülməsini istəyib. Mayis Musayevin buna imkanı olsa da, etməyib. Çünki marağında olmayıb, adlı-sanlı mütəxəssisin gözdən düşməsini istəyib. İşdən çıxanlar onu xəyanətdə, həmfikir olub sonda qətiyyət göstərməməkdə süçlayırlar. Necə ki, 8 il öncə komanda addımını atmayaraq, onu federasiyaya gətirən Aysel Osmanlı ilə birgə vəzifəsini tərk etməmişdi.
Əldə etdiyimiz məlumata görə, vəziyyət dünya çempionatına qədər belə davam edəcək. Sonra, yarışın nəticəsinə əsasən durum dəyişəcək. Onda yeni fırtınanın əsməsi gözlənilir. Çünki dünyaca məşhur güləşçilər hələ son sözlərini deməyiblər.

Həmin kateqoriyadan