AGF-in saytında növbəti səhv – Bu dəfə güləşçilərin statistik nəticəsində

Güləş federasiyasının gələcəyi ilə bağlı durum qaranlıq qalmaqdadır. Bu ictimai təşkilatda baş verən hərci-mərclik, nöqsanlar və maliyyə böhranı ilə bağlı silsilə yazılar vermişik. Zamanla müəyyən məsələlər yoluna qoyulsa da, qurumun rəsmi saytında səhvlər yenə baş alıb gedir. Demək olar ki, awf.az-a rəhbərlik tərəfindən nəzarət yoxdur, statistik məlumatlar incələnmir. Keçmiş mətbuat katibi Mayis Musayevin dönəmində kateqoriyalarda bilgilər həftələrlə, aylarla köhnəlmiş qalırdı. Bu isə, ölkənin ən aparıcı və yüksək nəticə verən idman növünün rəsmi saytına yaraşan hal deyil.

Awf.az-ın «Nailiyyətlər» bölməsində yeniyetmələrin olimpiya oyunlarının nəticələrində statistik səhv aşkarlamışıq. İlk «dördillik»də tam heyətlə təmsil olunan güləş komandası 5 qızıl və 1 gümüş medala sahiblənib. Amma məsələ bundadır ki, Sinqapur-2010-da bu növdə qazanılan yeganə aşağı əyarlı mükafatı Əli Məhəmmədəbirov (100 kq) deyil, Kənan Quliyev (54 kq) qazanıb.

Adı çəkilən mötəbər yarış 8 il öncə keçirildiyindən, o vaxtdan bəri oxuculara təqdim olunan bu səhvin məsuliyyəti keçmiş mətbuat katibinin üzərinə düşür. Lakin onun xələfi, həmkarımız Sərxan Musayev (Musalı) işə başlayanda, awf.az-ı dərindən incələməliydi. Çünki o da gözəl bilir ki, əvvəllər saytda çox yanlışlıqlar gedib və bunu allsport.az daim qabardıb.

Həmin kateqoriyadan