Ağırlıqqaldıranlarımız dünya çempionatında Rio-2016-ya 4 vəsiqə qazandı

ABŞ Hyuston şəhərində ağırlıqqaldıranların dünya çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Corc Braun Konfrans Mərkəzinin yarış zalında 115 ölkədən 737 idmançı (423 kişi, 314 qadın) iştirak ediblər. 8 kişi və 3 qadın atletlə mübarizə aparan Azərbaycan millisi bolqar legionerlər – Boyanka Kostova (58 kq, qızıl) və Valentin Xristovun (62 kq, bürünc) sayəsində 2 medal qazandı. Bu uğur nəticəsində komandamız Rio-2016-ya 4 vəsiqəyə sahib çıxıb.

Qaydalara əsasən, olimpiya siklində keçirilən dünya çempionatında 1-25-ci yerlər xal gətirir. Qızıl medal qazanan idmançı 28, gümüş sahibi 25, bürünc mükafatçı 23 bala yiyələnir. Bundan sonrakı yerlər isə müvafiq olaraq 1 xal azalma yolu ilə davam edir. Yəni 4-cü yer 22, 5-ci yer 21, 6-cı yer 20… və 25-ci yer 1 xal.

Olimpiada üçün cəmi 3 lisenziya xarakterli turnir olur. Bunlar «dördillik»dən 1 və 2 il əvvəl keçirilən dünya çempionatları və olimpiya ilindəki qitə turnirləridir. Məhz bu yarışlarda qazanılan nəticələr milli komandanın hesabına yazılır. Sonda bütün xallar toplanır və ən çox xalı olanların siyahısı hazırlanır. Kişilərdə 1-6-cı yerlər 6, 7-12-ci yerlər 5, 13-18-ci yerlər 4, 19-24-cü yerlər isə 3 olimpiya lisenziyasına sahib çıxırlar.

Qadınlarda isə 1-9-cu yerlər 4, 10-16-cı yerlər 3, 17-21-ci yerlər isə 2 lisenziyaya sahib çıxa bilirlər. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası vəsiqəyə yiyələnə bilməyən ölkələrə “uayld card” vermək hüququna malikdir. Bir ölkə olimpiadada maksimum 10 atletlə (6 kişi və 4 qadın) təmsil oluna bilər.

Həmin kateqoriyadan