Ağırlıqqaldıranların respublika yarışlarının 4-cü seçmə mərhələsi

Ağırlıqqaldırma üzrə respublika yarışlarının oktyabrın 13-dən 20-dək 4-cü seçmə mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın turnirin məqsədi bölgələrdə idmançıların hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Oktyabrın 13-dən 14-dək Xırdalanda Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. Oktyabr 17-dən 18-dək Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, oktyabrın 20-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Şəxsi xarakter daşıyan yarışa yalnız texniki cəhətdən hazırlıqlı olan, 12 yaşdan yuxarı idmançılar buraxılacaqlar. Mərhələ yarışlarında 2000-2006-cı illərdə doğulan və daha yuxarı yaşlı kişilər və qadınlar müvafiq yaş qruplarında mübarizə aparacaqlar. qaliblər “Sinkleyr” cədvəli üzrə müəyyən ediləcək.

Xatırladaq ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Həmin kateqoriyadan