Ağırlıqqaldırma millimiz Asif Məmmədova tapşırılıb

AAAF park yaşayış kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda vitse-prezidentlər Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçi və 2-3 dekabrda Azərbaycan kubokunda fərqlənən idmançı heyəti iştirak edib.

Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.
Yığıncaqda Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağırlıqqaldırma üzrə millinin baş məşqçisi postundan istefa verdiyini açıqlayıb. Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu səbəbindən etdiyini, eyni zamanda, gənc nəsil mütəxəssislərə şans vermək istəyilə bu addımı atdığını, vitse-prezident vəzifəsində qalacağını bildirib.

AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərar da açıqlanıb. O, Azərbaycan ağır atletika yığma komandalarının sabiq baş məşqçisi Tofiq Heydərovun istefa ərizəsini qəbul edib və onun yerinə Asif Məmmədovun təyin olunması barədə sərəncam verib. Yeni məşqçiyə işində uğurlar arzulanıb, federasiyanın güvən və inamı qeyd olunub.

Asif Məmmədova yeniyetmələr, gənclər, kişilər və qadınlardan ibarət yığma komandalarda kömək edəcək böyük məşqçilərin adları barədə tezliklə məlumat veriləcəkdir. Yeni baş məşqçi təyinatı ilə bağlı fikirlərini ilk olaraq federasiyanın rəsmi saytı ilə bölüşüb:

“Sözün düzü, bu təyinat mənim üçün çox gözlənilməz oldu. Bu, həm sevindirici, həm qürurvericidir, həm də böyük məsuliyyət deməkdir. Federasiya rəhbərliyi bu qərarla mənə böyük etimad göstərdi. Buna görə dərin minnətdarlığımı, böyük təşəkkürümü bildirirəm. O ki qaldı planlarımıza, biz hər şeyi demək olar ki, yenidən başlayırıq. Görəcəyimiz çox iş var, buna hazır olmalıyıq. Bilirsiniz ki, ağır atletikada dopinq problemi var. Əminik ki, bu çətinliyin öhdəsindən gəlmək üçün çox çalışmalı, dayanmadan işləməliyik. Federasiya olaraq dopinqə qarşı ciddi mübarizə aparırıq, biz də məşqçilər heyəti olaraq bu prosesə dəstək olacaq, məsələnin birdəfəlik həlli üçün əlimizdən gələni edəcəyik. İşimiz çoxdur və elə bu gündən təlim-məşq toplanışna start verərək hazırlığımızı ən yüksək səviyyəyə çatdırmağa başlayacağıq”.

Mütəxəssis dekabrın 9-29-da AAAF park yaşayış kompleksində mərkəzi bazada yığma komandaların növbəti təlim-məşq toplanışının keçiriləcəyini, bu prosesin 2018-ci il boyu fasiləsiz davam edəcəyini bildirib.

Həmin kateqoriyadan