Akademik avarçəkənlərimizdən dünya kubokunda uğursuz nəticə

İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, bu turnirdə ölkəmizi Vassil Vitanov və Cavid Əfəndiyev təmsil ediblər.

Onlar 2-nəfərlik qoşa avarlı yüngül çəkilib qayıqla 2000 metr məsafəyə yürüşlərə qatılıblar. Seçmədə Vitanov – Əfəndiyev cütü finişə 7 dəqiqə 10,150 saniyəyə çataraq, CAR, Belçika, Niderland, İspaniya və Kipr təmsilçilərindən sonra 6-cı yeri tutub.

Təsəlli yürüşündə Azərbaycan cütlüyü finişə daha tez – 6 dəqiqə 34,560 saniyəyə çatıb. Bu göstəricidə avarçəkənlərimiz yalnız avstriyalı həmkarlarını üstələyə biliblər.

Azərbaycan təmsilçiləri çıxışlarını “C” finalında başa vurublar. Bu dəfə Vitanov – Əfəndiyev dueti Kipr, Anqola və Avstriya avarçəkənlərini qabaqlayıb və 6 dəqiqə 36,870 saniyə nəticə ilə yürüşün qalibi olub. Beləliklə, ümumi sıralamada onlar 13-cü olublar.

Qeyd edək ki, bu, Vassil Vitanov – Cavid Əfəndiyev duetinin xaricdə ilk sınağı olub. Hazırda onlar növbəti reqatalara, o cümlədən, 22 – 25 mayda İsveçrənin Lütsern şəhərində keçiriləcək Avropa və Final Olimpiya Təsnifat Reqatasına hazırlaşırlar. Rio-2016-ya lisenziya qazanmaq üçün bu cütlük qarşıdakı yarışda ilk 2 yerdən birini tutmalıdır.

Hazırlıqda hələ ötən il Rio oyunlarına lisenziya qazanmış Aleksandr Aleksandrov – Boris Yotov dueti də iştirak edir. Onlar 2-nəfərlik qoşa avarlı qayıqla çıxış edəcəklər.

Həmin kateqoriyadan