Alpinizm federasiyasının yeni prezidenti seçilib

Bu gün Azərbaycan Alpinizm Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Allsport.az saytının məlumatına görə, toplantının gündəliyi və reqlamenti təsdiqləndikdən sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycan dövlətinin idmanın inkişafı üçün hər cür şərait yaratdığını bildirib. O deyib ki, ölkəmizdə keçirilən mötəbər yarışlar, beynəlxalq idman tədbirləri buna əyani sübutdur.

Azərbaycan Dağ və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının icraçı direktoru Arzu Mustafayev çıxış edərək deyib: “Azərbaycan Alpinizm Federasiyası yarandığı dövrdən ölkəmizdə idmanın bu növünün inkişafına xidmət edib, marağı olan gəncləri bir araya toplayıb. Qurum yaratdığı ənənə ilə keçmiş sovet respublikaları arasında xüsusilə fərqlənib. Federasiya Azərbaycanda idmanın bu növünün potensialının öyrənilməsi istiqamətində xeyli iş görüb”.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov son dövrlərdə federasiyada mövcud çatışmazlıqlardan və qarşıda duran vəzifələrdən danışıb. Sonra Federasiyanın İdarə Heyətinin yeni tərkibinə və prezidenti vəzifəsinə səsvermə keçirilib. Dağçılıq sahəsində geniş təcrübəyə malik olan beynəlxalq dərəcəli idman ustası Nizami Mursaqulov konfrans nümayəndələrinin yekdil səsi ilə Azərbaycan Alpinizm Federasiyasının yeni prezidenti seçilib.

Həmin kateqoriyadan