AMKF rəhbərliyi dünya çempionatına yollanacaq heyətlə görüşüb

5-9 noyabrda Almaniyanın Bremen şəhərində kimono ustaları arasında 22-ci dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi yarış qabağı seçmə komandanın heyəti ilə görüşüb. Toplantıda AMKF-in prezidenti Yaşar Bəşirov qarşıdakı yarışın məsulliyətini və favoritlərdən olan karateçilərimizə böyük ümidlər bəsləndiyini bildirib. Baş sponsor Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Cahangir Hacıyevin salam və tövsiyyələrini idmançılara çatdıran federasiya rəhbəri, AMKF-in yarandığı 20-ci ildə artıq komanda yarışlarında Avropa çempionu olduğumuz və bu uğurun davamının gözlənildiyini qeyd edib.

Milli komandanın baş məşqçisi Rəhman Hətəmov və onun köməkçisi Rəşad Hüseynov heyət üzvlərinin istər psixoloji, istərsə də texniki-taktiki cəhətdən dünya çempionatına tam hazır olduğunu diqqətə çatdırıb. Fiziki hazırlıq üzrə məşqçi, karate veteranı Oqtay Məmmədov idmançıların lazımi fiziki duruma çatdırıldığını söyləyib. Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayev qarşıdakı yarışda ilk dəfə 6 beynəlxalq hakimimizin iştirak edəcəyini bildirib.

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov dünya çempionatında güclü media dəstəyin olacağını, həmçinin federasiya rəhbərliyinin Rusiyanın dünya şöhrətli “Боец” döyüş telekanalından yaradıcı qurupun dəvət etdiyini nəzərə çatdırıb. İdmançılar adından çıxış edən milli komandamızın kapitanı Şahin Atamov, əvvəlki rəsmi yarışlarda olduğu kimi bu dəfə də vətənə üzüağ qayıtmaq üçün çalışacaqlarını deyib.

Sonda federasiya rəhbərliyi idmançılara uğurlar arzulayıb. Noyabrın 3-də Almaniyaya yola düşən heyət ayın 11-də Vətənə dönəcək. Məşqçilər heyəti planetin ən güclülərinin tarışında Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafiz Həsənov (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov (+84 kq), həmçinin Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq) və Fəridə Abiyevaya (61 kq) üstünlük verib. Rafael Ağayev (75 kq) və Asiman Qurbanlı (+84 kq) zədəli olduqlarından yarışa yollana bilməyəcəklər. İdmançılarımız fərdi çıxışlardan başqa komanda kumite yarışlarına da qatılacaqlar. Bu ilin mayında Finlandiyada komanda yarışlarında Avropa çempionu olan Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, bu dəfə heyətə Pənah Abdullayev və Orxan Heydərli də cəlb edilib.

Beynəlxalq hakimlərimiz də dünya çempionatına böyük heyətlə yollanacaqlar. Hakimlər Komitəsinin sədri Cahangir Babayevdən başqa Yusif Məmmədov, Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Vüqar Kərimov, Rənad Əliyev və Nərgiz Mehdiyeva yarışı idarə edənlər arasında olacaq. Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə geniş tərkibli heyət dünya çempionatına noyabrın 3-də yola düşəcək. Dünya çempionatı 5-9 noyabrda baş tutacaq.

Bu məsul yarışdan bir gün əvvəl, noyabrın 4-də Dünya Karate Federasiyasının Konqresi və təşkilatın İcraiyyə Komitəsinə seçkilər keçiriləcək. 16 üzvü olan İcraiyyə Komitəsinə Avropa Karate Federasiyasının 5 nümayəndəsi üzv ola bilər. Bu yerlərə namizədlər arasında AMKF-in prezidenti Yaşar Bəşirov da var.

AAA_8973 AAA_8981 AAA_8982_1 AAA_8985

Həmin kateqoriyadan