Anjela Doroqan: “Gələn dəfə mütləq Azərbaycan himnini oxuyacağam”

“Əlbəttə, gələn dəfə də çempion olsam, mütləq Azərbaycan himnini oxuyacağam. Sadəcə, bu dəfə qızıl medal qazanacağımı özüm də gözləmirdim”. Allsport.az saytı xəbər verir ki, bunu 1-ci Avropa Oyunlarında qadın güləşçilərin yarışında bu gün qızıl medal qazanmış Azərbaycan təmsilçisi Anjela Doroqan deyib.

Avropa Oyunlarının qalibi qeyd edib ki, qızıl medal qazandığına görə özünü xoşbəxt sayır: “Mən çox xoşbəxtəm ki, qalib gəldim. Bu mənim həyatımda ilk qızıl medalım idi. Özü də qızıl medal haqqında ümumiyyətlə düşünmürdüm. Mən çox xoşbəxtəm ki, burada tarixi yaza bildim. Mən Bakıda Avropa Oyunlarında finalda layiqli mübarizə apara və sonda Azərbaycanın bayrağını ucalda bildim”.

O bildirib ki, bunu gözləməsə də, çox istəyib: “Ona görə də mən axıra kimi mübarizə apardım. Finalda ilk dəqiqədə az da olsa, tərəddüd edirdim, amma sonra özümü toparladım və düşündüm ki, qızıl medalı əldən verməyəcək və çempion olacağam. Bundan sonra məndə inam yarandı. Gələcəkdə nəticələrimi daha da yaxşılaşdıracağam”.

Tamaşaçılara ona verdiyi möhtəşəm dəstəyə görə dərin təşəkkürünü bildirən Doroqan qalib elan ediləndən sonra hərəkətlərinin emosional olaraq baş verdiyini deyib: “Sadəcə, sevincimdən heç bilmirdim nə edim. Sevincimdən tullanıb düşürdüm”.

Güləşçimiz bundan sonra olimpiya oyunlarına lisenziya qazanmağa çalışacağını bildirib. O, qazandığı medalı valideynlərinə və məşqçisinə həsr etdiyini açıqlayıb.

Həmin kateqoriyadan