Antidopinq mövzusunda növbəti maarifləndirici seminar

Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyası, milli antidopinq agentliyi, “Gömrükçü” idman klubunun birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış edərək, tədbirin təşkilində əsas məqsədin antidopinq qayda pozuntuları və dopinqə nəzarət prosesi haqda idmançıları məlumatlandırmaq olduğunu bildirib. Qadağan olunmuş preparatlarının insan həyatı üçün böyük təhlükə yaratdığını qeyd edən dünya və Avropa çempionu idmançıların, özəlliklə, gənclərin maarifləndirilməsi, dopinq preparatlarının ziyanlı təsiri barədə məlumat əldə etmələrinin vacibliyini deyib. O, Azərbaycanda müvafiq qurumların sıx əlaqədə çalışaraq ümumi bəlaya qarşı birgə mübarizə apardıqlarını da qeyd edib.

Sonra çıxış edən AMADA-nın icraçı direktoru Şəfəq Hüseynli dopinqlə mübarizə sahəsində müasir konsepsiyanın işlənib hazırlandığını, buna Dünya Antidopinq Agentliyi tərəfindən nəzarət olunduğunu bildirib. 2016-cı ilin sonundan Azərbaycanda dopinqə qarşı mübarizənin daha da gücləndiyini vurğulayan mütəxəssis, bu sahəyə dövlət tərəfindən nəzarətin həyata keçirildiyini vurğulayıb.

Azərtac.az-ın məlumatına görə, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev, “Olimpiya dünyası” qəzetinin rəhbəri Murad Fərzəliyev çıxış edərək, dopinqlə mübarizənin əsasında fəal təbliğatın durduğunu diqqətə çatdırıblar. Nəinki ölkə mediasında, ümumiyyətlə, dünya mətbuatında bu qorxulu bəlaya qarşı təbliğatın yetərincə olmadığını vurğulayıblar. Bildiriblər ki, bu sahəyə cavabdeh olan qurumlar problemin həlli ilə bağlı həyata keçirdikləri tədbirlər, gördükləri işlər barədə mətbuata vaxtaşırı məlumat verməli, media qurumları bu tədbirlərlə əlaqədar təbliğat kampaniyasını peşəkar səviyyədə qurmalıdır.

Daha sonra AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva antidopinq qaydalarına riayət olunmayacağı təqdirdə tətbiq ediləcək cəzalar barədə ətraflı danışıb. Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib. İclasda, həmçinin dinləyici qismində DGK İSM “Gömrükçü” idman klubunun üzvləri və məşqçi heyəti də iştirak edib.

Həmin kateqoriyadan