AQF ilk dəfə Yaşar Məmmədovsuz hesabat-seçki konfransı keçirdi

Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda rəhbərliyinin hesabatı dinlənilib, ötən dövrdə görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.

Tədbirdə AQF-in rəhbər orqanlarına seçkilər keçirilib, icraiyyə komitəsinin yeni tərkibi təsdiqlənib. Federasiyanın prezidenti Nazim İbrahimov konfrans iştirakçılarının yekdil səsi ilə yenidən bu vəzifəyə seçilib.

Sonra federasiyanın vitse-prezidenti, baş katibi və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Ramin Məmmədov federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət-təftiş komissiyasının üzvləri seçiliblər.

Hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, “Neftçi” İdman-Sağlamlıq Klubunun və digər idman qurum və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Maraqlıdır ki, uzun illərdən sonra ilk dəfə yığıncaq 1-ci vitse-prezident Yaşar Məmmədovsuz keçirilib. Seçkilərin nəticəsinə əsasən, o, bu dəfə kənarda qalıb. “Şöhrət” ordenli mütəxəssis öz feisbuk səhifəsində AQF-nin prezidentini sərt tənqid edib, onu milli komanda üzvlərinin və məşqçilərin maaşlarının 26 ay verməməkdə ittiham edib. Dünya qılıncoynatmasında böyük nufuzu olan, adını Şöhrət zalına yazdıran Yaşar Məmmədov yazıb ki, yeni seçilən baş katib Asəf Məlikov federasiyada onun otağının kilidini gizlincə dəyişdirib.

Xatırladaq ki, sözü gedən şəxsin məşqçilik karyerasında böyük uğuru var. Onun oğli İlqar Məmmədov rapira üzrə 2-qat olimpiya çempionu, Rusiya millisinin baş məşqçisidir. Yaşar Məmmədovla bağlı digər maraqlı məqam veteran idmançının “Babək” filmində Xürrəmilərin başçısı Cavidanın düşməni Əbu İmran rolunu canlandırıb.

Həmin kateqoriyadan