AQF prezidentinin “National Geographic Azerbaijan” jurnalı pulsuzluq səbəbindən bağlanıb

“Garant Holding” şirkətlər qrupunun rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Amerika Azərbaycan Alyansının rəhbəri, nəhayət, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun təsis etdiyi jurnal “National Geographic Azerbaijan” fəaliyyətini dayandırıb. Allsport.az saytının AzNews.az-a istinadən məlumatına görə, artıq bu barədə əməkdaşlara xəbərdarlıq edilib.

Bildirilib ki, jurnal bundan sonra nəşr olunmayacaq. Həmçinin, işçilərə özlərinə yeni iş yeri tapmaları tövsiyə olunub. İşçilər artıq bu aydan etibarən ofisə getmirlər. Aldığımız məlumata görə, jurnalın bir neçə nömrəsi əvvəlcədən hazırlanıb və nömrələri çap olunub satışa buraxıldıqdan sonra, redaksiyanın fəaliyyətinə son veriləcək.

Başqa bir xəbərə görə, Anar Məmmədovun azyaşlı oxucular üçün nəzərdə tutulan “National Geographic Kids” jurnalı da artıq fəaliyyətini dayandırıb. Dərginin bağlanmasına səbəb, maliyyə problemi göstərilir.

ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic”in Azərbaycan dilində nəşr olunması ilə bağlı ötən ilin mart ayında “Garant Media Holdinq” şirkəti ilə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti (The National Geographic Society) müqavilə imzalanıb.