Araz Abdullayev: Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim

“Qarabağ” transfer pəncərəsinin son günündə Yunanıstanın “Panionios” klubundan Araz Abdullayevi 2-illik icarə əsasında heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, milli yarımmüdafəçi keçidiylə bağlı öz fikrini bildirib:

“Qarabağ” Azərbaycan və Avropada ən yaxşı çıxış edən komandamızdı. Fəxr edirəm ki, bu komandaya gəldim. Sözün hər mənasında çalışacam ki, komandaya xeyir verim və baş məşqçinin etimadını doğruldum. Komandada çıxış etdiyim mövqedə rəqabət var, kim güclüdürsə, o da oynayacaq. Bura gəlmişəm ki, meydanda olum və öz oyunumla komandaya kömək edim. Qarşıda çətin oyunlar var, ancaq komanda şəkilində bir olub yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Avropa liqasında çətin qrupda yer almışıq, amma “Qarabağ”ın öz sözünü deyəcəyinə inanıram”.

O, “9” nömrəli forma seçiminə də toxunub: “Adətən geyindiyim həm 7, həm də 77 nömrə boş deyildi. Hücumda oynamağı xoşladığım üçün 9 nömrəni seçdim. Ümid edirəm ki, bu nömrə mənim üçün düşərli olacaq və meydanda olduğum müddətdə həm qol, həm də məhsuldar ötürmələrlə komandama kömək edəcəm”.

Araz sonda azarkeşlərə də səslənib: “Qarabağ”ın azarkeş ordusu çoxdu, Avropa oyunlarında isə stadionda iki dəfə çox azarkeş olur və nəticə gözləyir. Biz də komanda olaraq onları sevindirmək üçün meydana çıxırıq. Azarkeşlərə deyirəm ki, çalışacam öz oyunumla onları da sevindirim. Bizi sona qədər dəstəkləsinlər”.

Həmin kateqoriyadan