“Araz”ın baş məşqçisi: “Rəqiblərimizin hamısını yaxından tanıyıram”

“Qrupumuzda hansı komandaların yer aldığını bilirik. Hər biri ölkəsinin çempionudur. Bu gün futzalda zəif klub anlayışı yoxdur. Buna görə də, oyunların hamısının çətin keçəcəyi danılmazdır və buna hazır olmalıyıq”. Allsport.az saytı xəbər verir ki, bu sözü çempionlar liqasının əsas mərhələsinə hazırlaşan “Araz” futzal klubunun baş məşqçisi Joze Alesio da Silva deyib.

Braziliyalı mütəxəssis qrupun oyunları Slovakiyada keçiriləcək və bu, meydan sahibi “Luçenec” komandası üçün əlavə üstünlük olacağını söyləyib. Digər 2 rəqibimiz mübarizəyə ilkin mərhələdən başlasa da, iddialıdırlar. Litva çempionu “Vytis” heyətini braziliyalı futzalçılarla gücləndirib. Malta təmsilçisi “Valletta” da sıradan rəqib deyil. Çünki bu komandalar ilkin mərhələni məğlubiyyətsiz başa vurub və mübarizəni davam etdirmək hüququ qazanıblar.

İmkanlar barədə danışan baş məşqçi qrupda aşkar favoritin olmadığını bildirib: “Düzdür, reytinqinə görə “Araz” qrupun top komandası sayılır. Ancaq şanslar komandalar üçün bərabərdir. Əlbəttə, şansımız var və bu, 50-nin 50-yədir”. Alesio heyətdəki dəyişikliklərə də toxunub: “Məşqlərimizi hər gün davam etdiririk. Xüsusilə də birinci oyuna diqqət yetirəcəyik. “Vytis”in heyətində 7 braziliyalı çıxış edir. Bizim heyətdə də dəyişikliklər olub. Yerli futzalçılarla güclənməyə çalışdıq. Əlbəttə, rəqibin braziliyalılarını zərərsizləşdirmək üçün məşqlərdə bir neçə taktiki çalışmalar yerinə yetiririk. Həm də ilk oyunlar digərləri ilə müqayisədə ağır olur. Təbii ki, hər 3 oyun vacibdir. Birinci matçdan sonra diqqətimizi ikinci görüşə yönəldəcəyik. Rəqiblərimizin hamısını yaxından tanıyıram”.

Qeyd edək ki, turnirin əsas mərhələsinin oyunları oktyabrın 3-dən 6-dək keçiriləcək.

Həmin kateqoriyadan