Arena polo üzrə 7-ci dünya kubokunun təqdimatı

7-ci arena polo üzrə dünya kubokunun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, atçılıq federasiyasının baş katibi Bəhruz Nəbiyev tədbirdə çıxış edərək, sentyabrın 13-dən 15-dək keçiriləcək bu turnirin də əvvəlki yarışlar kimi yüksək səviyyədə təşkil olunması üçün federasiyanın ciddi hazırlaşdığını diqqətə çatdırıb: “Azərbaycanın dünyada polonun vətəni kimi tanınır. Son illər paytaxtda bir neçə mötəbər polo turniri yüksək səviyyədə təşkil olunub. 2015-ci ildə arena polo üzrə ilk Avropa çempionatına uğurla ev sahibliyi edilib.

Bu yarışda Azərbaycan, Rusiya, Almaniya və İsveçrəni təmsil edən klublar iştirak edəcəklər. 3 gün davam edəcək turnirdə ümumilikdə altı qarşılaşma oynanılacaq. Azərbaycanı bu mötəbər yarışda milli poloçulardan ibarət “Elite Horse və Polo Club Baku” komandası təmsil edəcək”.

Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi polonun vətəni sayılan Azərbaycanın növbəti dəfə mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu bildirib. O, yüksək təşkilatçılığa görə ARAF rəhbərliyinə minnətdarlığını ifadə edib. Sonra turnirdə iştirak edəcək komandaların üzvləri ictimaiyyətə təqdim olunub.

Turnirin oyunları “Elite Horse and Polo Club”da yerləşən meydançada keçiriləcək. İlk oyun günündə “Elite Horse & Polo Club Baku” komandası İsveçrənin “Evviva Polo Club St. Moritz” klubu ilə qarşılaşacaq. Günün ikinci görüşü “Los Nocheros Polo Club Münster” (Almaniya) və “Planernaya Polo Club Moscow” (Rusiya) komandaları arasında oynanılacaq. Turnirin ikinci gününün açılış görüşü “Evviva Polo Club St. Moritz” və “Los Nocheros Polo Club Münster” arasında baş tutacaq. İkinci oyunda “Elite Horse & Polo Club Baku” və “Planernaya Polo Club Moscow” komandaları üz-üzə gələcəklər. Sentyabrın 15-də üçüncü yer uğrunda görüş və final matçı keçiriləcək.

Həmin kateqoriyadan