Argentina və Çili elçiləri ilə görüş

Milli karate federasiyasının prezidenti Yaşar Bəşirov görüş keçirib. Allsport.az saytı xəbər verir ki, AMKF-nin məkanında Argentina respublikasının səfiri Sergio Perez Gunella və Çili elçiliyinin müvəqqəti işlər vəkili Qabriel Xara ilə fikir mübadiləsində, federasiya rəhbəri Azərbaycan idmanının dünyada tanınmasında, eləcə də ölkədə idmanın inkişafında dövlət dəstəyindən, xüsusilə dövlət başçısı İlham Əliyevin qayğısından danışıb. O, karateçilərimizin uğurlarını qeyd edərək, dünya idmanında özəl çəkilərinin olduğunu deyib. 

Çili rəsmisi ilə görüşdə bu Cənubi Amerika ölkəsinin karateçilərinin iki dəfə müxtəlif illərdə ənənəvi “Baku Open” beynəlxalq turnirində iştirak etmələrini diqqətə çatdıran Y.Bəşirov, oktyabrın son günlərində paytaxt Santyaqo şəhərində yeniyetmə və gənclərin növbəti dünya çempionatına hazırlıq işlərindən söz açıb. Hər iki rəsmi nümayəndə ilə söhbət zamanı federasiyalar səviyyəsində yoldaşlıq təlim-məşqləri və qarşılıqlı təcrübə mübadiləsi mövzularında danışıqlar gedib. 

Ölkəmizin qonaqları səmimi görüşdən razı qaldıqlarını, fəaliyyətləri dövründə idman əlaqələrinin də möhkəmlənməsi istiqamətdində də dəstək verəcəklərini bildiriblər. Sonda Yaşar Bəşirov Qabriel Xara və Sergio Perez Gunellaya milli karate federasiyasının yaranmasının 25-illiyi münasibəti ilə xatirə medallarını təqdim edib.   

Həmin kateqoriyadan