Aşağı Nüvədi və Piran kəndlərində də ağırlıqqaldırma kompleksləri açılıb

Ağır atletika federasiyası (AAAF) son illərdə sadiq qaldığı infrastruktur siyasətini tam sürətlə davam etdirir. Allsport.az saytı xəbər verir ki, bölgələrdə gələcək çempionların yetişdirilməsi üçün yaradılacaq şərait böyük əhəmiyyət kəsb etdiyindən, bu istiqamətdə atılan addımlara daha çox önəm verilir. Bu məqsədlə martın 5-də Sumqayıt və Bakıda ağır atletika komplekslərinin açılışını edən AAAF və “Zirvə” İnternational Sport Clubs paytaxtdan kənarda yeni belə məkanların inşasına ara vermir. Aprelin 9-u və 10-da onlardan daha ikisi istifadəyə verilib.

Aprel ayının 9-da Lənkəran rayonunun Aşağı Nüvədi kəndində yeni ağır atletika kompleksinin açılış mərasimi keçirilib. Regionlarda idmanın inkişafına dəstək məqsədilə həyata keçirilən kütləvi zalsalma layihəsi çərçivəsində burada müasir məkan inşa edilib. Ağır atletika, fitness, pauerliftinq, bodibildinq idman növləri ilə məşğul olmaq üçün hər cür şəraitə malik olan yeni zal, kiçik olsa da, universallığı ilə seçilir. Burada kəndin yeniyetmə və gənc atletləri, həmçinin digər yaşlardan olan insanlar həm peşəkar, həm də həvəskar idmanla məşğul olmaq imkanına malikdirlər.

Ən müasir avadanlıqlar, ağır atletika körpücükləri, paltardəyişmə, duş otaqları, saunası olan Kompleksin həyətində voleybol meydançası da salınıb. Kompleksdə eyni zamanda 30-ya yaxın adam idmanla məşğul ola, sağlam həyat tərzinə sadiq qalmaq üçün məşqlər edə bilər.

Kompleksin açılış mərasimində əvvəlcə ənənəvi qırmızı lent kəsilib. Lənkəran rayonun idman və ictimai xadimləri, AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin məşqçilər, kənd sakinləri, digər şəxslər burada yaradılan şəraitlə tanış olublar. Qonaqların canlı izlədikləri məşq prosesi marağa səbəb olub.

Sonra açılışın rəsmi hissəsi baş tutub. 1-ci vitse-prezident Tofiq Heydərov çıxş edib və bu kompleksin ərsəyə gəlməsi barədə danışıb. O qeyd edib ki, Azərbaycanda ağır atletika böyük inkişaf mərhələsindədir və bunda ölkə rəhbərliyinin həyata keçirdiyi idman siyasəti böyük rol oynayır. Regionlarda inşa edilən bu cür komplekslərin əhəmiyyətini qeyd edən Heydərov, beynəlxalq arenalarda qazanılan uğurların məhz buradan başladığını bildirib. O, zalların açılışının davam etdiriləcəyini, ölkə ağır atletikasının infrastrukturunun daima genişləndiriləcəyini deyib. Sonda xatirə şəkilləri çəkilib.

Bir gün sonra Lerik rayonunun Piran kəndində yeni zal idmançıların ixtiyarına verilib. Açılış mərasimində kənd və rayon ictimaiyyətinin, yerli gənclər və idman idarəsinin nümayəndələri, sakinlər, tədbirin qonaqları, həmçinin AAAF-ın rəhbər şəxsləri iştirak ediblər. Əvvəlcə, qırmızı lent kəsilib. Universal ağır atletika kompleksinə daxil olan qonaqlar yaradılan şəraitlə tanış olublar. Onlara məlumat verilib ki, burada məşq körpücükləri, fiziki hazırlıq və fitnesslə məşğul olmaq üçün çox sayda idman alətləri qurulub.

Paltardəyişmə və duş otaqları, xüsusi çalışma otaqları da zaldan istifadə edənlərin xidmətindədir. Bununla yanaşı, zalın həyətində 100-ə yaxın tamaşaçı tutumu olan futbol meydançası və açıq havada ağır atletika yarışları keçirmək üçün xüsusi zona salınıb. Açılışı edilən ağır atletika kompleksi təkcə Piran yox, ümumilikdə 10-dan çox ətraf kəndin ağır atletika və digər idman növləri ilə məşğul olmaq istəyənlərin tələbatlarını ödəməyə yetərlidir. Daha sonra açılış mərasiminin rəsmi hissəsi başlayıb. İlk olaraq, AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O qeyd edib ki, regionlarda idmanın inkişafı üçün görülən tədbirlərin davamı olaraq növbəti addım məhz Piran kəndində inşa olunan bu kompleksdir:

“90-cı illərin əvvəllərində nəinki kəndlər və rayonlar, hətta böyük şəhər mərkəzlərində belə ağır atletika mərkəzlərinə rast gəlmək olmurdu. Biz özümüz ağır atletlər olaraq məşq etməyə ən adi zalı belə tapa bilmirdik. İndi isə kənddə zal inşa edirik. Bu, mənim üçün böyük qürur mənbəyidir. Hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyev bizlərlə görüşəndə idmançıları zirvələrdə görmək istədiyini dedi və bunun üçün lazımi şəraitin qurulmasına diqqət yetirilməsinin vacibliyini vurğuladı. Sonra isə idmana qayğını öz üzərinə götürdüyünü bildirdi. Və indi biz bunun nəticəsində Piran kəndində kompleksin açılış mərasiminə toplaşmışıq. Bu kənd çox qısa müddətdə Avropa birinciliyinin qalibi Füqan Əliyevi yetişdirib. Yeni istifadəyə verdiyimiz bu zal onun kimi çox sayda çempionun yetişməsində böyük rol oynayacaq. Federasiyanın son illərdə həyata keçirdiyi siyasət özünü bariz şəkildə göstərir. Əminik ki, yeni stasionar komplekslərin inşası bizə böyük uğurlar bəxş edəcək, Azərbaycanın dünya səviyyəsində tanıdılması prosesinə öz töhfəsini verəcək. Əvvəllər “biz Azərbaycanı idman ölkəsinə çevirməliyik” şüarını əsas tuturduqsa, indi artıq buna ehtiyac yoxdur. Çünki Azərbaycan artıq idman ölkəsidir və bunu bütün dünya bilir. Qalır zirvələri fəth etmək. Ona da, həm federasiya, həm də ölkə rəhbərliyinin yeritdiyi siyasətlə nail olacağıq. Hər kəsi yeni zalımızın açılışı münasibətilə təbrik edirəm”.

Sonra söz Lerik rayonu gənclər və idman idarəsinin rəisi Natiq İsaqova verildi. O da öz növbəsində açılışı edilən zalın ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Cənab Prezident İlham Əliyevin layiqli davam etdirdiyi idman siyasətinin nəticəsi kimi qiymətləndirdi. Qeyd etdi ki, belə zalların çoxluğu regionda həm idmanın, həm də ümumi inkişafa mühüm təkan rolunu oynayacaq: “Mən Azərbaycan Ağır Atletika Federasiyasına gördükləri bu gözəl, xeyirxah və böyük əhəmiyyət daşıyan işə görə təşəkkür edirəm. Həm Piran kəndi, həm də ümumilikdə Lerik rayonu üçün əlamətdar olan bu gündə biz çox sevincliyik. Buradan çox sayda beynəlxalq yarışların qalib və mükafatçıları yetişib. Yaradılan şərait isə onların sayının daha da artmasına təkan olacaq. Hər cür şəraitlə təmin olunan bu məkan idmana diqqət və qayğı baxımından əvəzsizdir. Əməyi olan hər kəsə təşəkkür edirəm”.

Sonda tədbirin bədii hissəsi başlayıb. Müğənnilərin vətənpərvər və bayram mahnıları ilə qonaqlara xoş əhval bəxş ediblər.

Həmin kateqoriyadan