Asif Şirəliyev: Hədəfim ölkəmizi Tokio olimpiadasında təmsil etməkdir

Azərbaycan güləşində son dönəmdə hakimlikdə yüksəliş var. Bu il ilk dəfə olaraq 4 olimpiya dərəcəli referimiz Avropa çempionatına qatıldı. Ədalət qoruyucusu nə qədər çox olarsa, həmin növdə nüfuz bir o qədər artıq olar. Bu gün həmin hakimlərdən birindən, Asif Şirəliyevdən söz açacağam. Mayın 13-də 38 yaşını qeyd edən referinin hədəfi yüksəkdir. Allsport.az saytına verdiyi açıqlamada qarşıdakı planlarından danışıb. Qeyd edim ki, o, gələn ay Minsk-2019-da hakimlər dəstəsində yer alan yeganə təmsilçimiz olacaq:

“2-ci Avropa oyunlarına yol ötən il Dağıstanın Kaspiysk şəhərində keçirilmiş qitə çempionatından başladı. Orda heç bir nöqsana yol vermədim. Ardınca, Macarıstan paytaxtı Budapeştdə dünya çempionatını idarə etdim. O yarışdan dərhal sonra Rusiyanın Krasnoyarsk şəhərində 3-qat olimpiya, 6-qat dünya və bu sayda Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilmiş yarışa təyinat aldım. Bu ilin yanvarında Minsk-2019-da yer almağımla bağlı Dünya Güləş Birliyindən rəsmi təsdiq gəldi.

Bu, mən zəhmətim, özəlliklə, Azərbaycan güləş federasiyasının apardığı uğurlu siyasətin nəticəsidir. Bahadırlarımızın möhtəşəm qələbələri hakimlərimizi də ilhamlandırır. Tarixdə ilk dəfə olaraq, son qitə çempionatında 4 İ-S dərəcəli referimiz təmsil olundu. Həmin yarışı izləyənlər arasında UWW-in büro üzvü, çox hörmətli Namiq Əliyev də vardı. Onun orada olması bizi ikiqat məsuliyyətli edirdi. Necə olsa da, yüksək bacarıq ölkənin adını qaldırır.

Hədəfim ölkəmizi Tokio olimpiadasında təmsil etməkdir. Sentyabrda Qazaxıstanda dünyanın ən güclülərinin rəqabətində əsas sınaq olacaq. Arzun budur ki, güləşçilərimiz o yarışda çoxli lisenziyalar qazansın, biz hakimlər də etimadı bir daha doğruldaq”.

K.HACI

Həmin kateqoriyadan