Aslan Kərimov: “Qəbələ” milli komandalarımız üçün yaxşı bazadır”

Azərbaycanda 15 yaşlılardan ibarət yığma komandaya millimizin sabiq kapitanı, oyun sayında (80 matc) ikinci rekordcu Aslan Kərimov başcılıq edir. Allsport.az xəbər verir ki, əsas millidə sabiq baş məşqci Berti Foqtsun koməkcisi olmuş 42 yaşlı mutəxəssis eyni zamanda AFFA-da təşkil olunan UEFA məşqcilik kurslarında həmkarlarına nəzəri və praktiki biliklər verməklə də məşğuldur. Kərimov “Qəbələ İK” qəzetinə müsahibəsində bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb.

Milli komandalar piramidasında başlanğıc nöqtə

– Əsas millidən getdikdən sonra sanki bir qədər kölgəyə çəkilmisiniz…
– Səbəbsiz deyil. “Pro” lisenziyasına imtahanla əlaqədar olaraq, Almaniyanın iki klubunda təcrübədə oldum. İnfrastrukturla bağlı Münhenqladbaxt “Borussiya”sında (Berti Foqtsun sabiq klubu – müəllif), komandanın oyuna hazırlığı ilə bağlı isə “Bayer”in baş məşqçisi Rojer Şmidtin yanında praktika keçdim. Yeri gəlmişkən, tanınmış italiyalı mütəxəssis Klaudio Ranyeri də həmin vaxt orada idi.

– Çalışdığınız yaş qrupunun özəlliyi nədədir?
– İşimiz böyük məsuliyyət tələb edir. Çünki U-15 yığması milli komandalar piramidasında başlanğıc nöqtədir. Yəni yığmalarda iş bu yaş qrupundan başlayır. Məqsədimiz nəticə dalınca getmək yox, uşaqlara milli komandanın nə olduğunu anlatmaq, futbol fəlsəfəmiz, oyun sistemimiz və taktiki hazırlıqla bağlı ümumi bilgilər aşılamaqdır.

– İş prosesində nə kimi çətinliklərlə üzləşirsiniz?
– Əsas çətinliklər futbolçuların uşaq dövründən yeniyetmə dövrünə keçidi ilə bağlı olur. Futbolçuların bu yaşda fi zioloji yetkinliyə çatması bəzən onlarda koordinasiyanın pozulması ilə nəticələnir.

– U-15-də rəsmi oyunların keçirilməməsi işinizə necə təsir edir?
– UEFA-nın bu addımını təqdir edirəm. Çünki yarış keçirilərsə, hamı nəticə qazanmağa çalışacaq. Bu isə uşaqlara futbol öyrətmək baxımından əlverişli deyil. UEFA da istəyir ki, azyaşlılar mümkün qədər nəticəyə oynamasınlar. Bununla belə 15 yaşlılar arasında bir sıra turnirlər keçirilir. Bunlardan biri elə “Qəbələ Cup”dır.

“Stenli Brardın addımını haqlı sayıram”

– Bu beynəlxalq turnir barədə nə düşünürsünüz?
– Yüksək səviyyəli yarışdır. Müxtəlif futbol fəlsəfəsi və oyun üslubları olan bu yarışda yeniyetmələr çox şey görüb-götürürlər. Azərbaycanda hətta özümüzdən 1 yaş böyüklərlə oynasaq belə, bu, istədiyimiz effekti vermir. Bu baxımdan “Qəbələ Cup” böyük məktəbdir.

– Turnirə qatılan komandaları necə səciyyələndirərdiniz?
– “Qəbələ” klubunun sayəsində Avropanın sayılıb-seçilən ölkələrinin komandaları Azərbaycana gəlir. Nə qədər çalışsaq da, “Barselona”, “Portu”, “Anderlext” və Türkiyənin böyük klubları ilə oyun təşkil etmək çətindir. Bu baxımdan, “Qəbələ” inanılmaz işlər görür. Turnir həm də yerli komandaların hazırlıq səviyyəsini dəyərləndirmək sarıdan əhəmiyyətlidir. Öyrənmək üçün istinad yeri olmalıdır. Bu mənada “Qəbələ Cup”ın öz yeri var.

– Akademiyanın direktoru Stenli Brardla əməkdaşlığınız haqda nə deyə bilərsiniz?
– Hollandiyalı mütəxəssislə mütəmadi təmasda oluram. Brardın pedaqogikasını, uşaqlara yanaşma tərzini çox bəyənirəm. Hələ 1998-ci il təvəllüdlü futbolçularla işləyəndə, o, intizamı pozduqlarına görə 2 futbolçunu yığmaya çağırmamağımı məsləhət gördü. Brardın bu istəyini haqlı saydım və qəbul etdim. Klubunda intizamı pozan futbolçu milliyə çağrılmalı deyil.

“Qəbələ”li futbolçularla işləmək rahatdır”

– “Qəbələ”nin U-15 millisindəki təmsilçiləri haqqında nə deyə bilərsiniz?
– U-15 Liqasının bombardiri Kamran Quliyev hücumçudur və futbolçular da daha çox ona oynayır. Nəticədə futbolçuda liderlik, bombardirlik keyfiyyətləri yaranır. Kamranda gələcək üçün böyük potensialın olduğu indidən görünür. Ancaq futbolçu nə qədər istedadlı olsa da, üzərində çalışmasa, it-bat olacaq. Məhəmməd Abbaslı ən çox ümid bəslədiyim futbolçudur. Böyük potensiala malikdir, müdafi ənin hər 2 cinahında oynaya bilir. Abbaslıda böyük futbolçu olmaq üçün çox göstərici var – sürət, çeviklik, texnika, dinamika, oyunu hissetmə və s. İzzət Müştaqov və Elçin Hafizli də gələcək vəd edən futbolçulardır. Ümumiyyətlə, “Qəbələ”li futbolçularla işləmək rahatdır. Çünki onlar güclü təməli olan klubdan gəlirlər. “Qəbələ”də seleksiya işi düzgün qurulduğundan orada istedadlar çoxdur. Mənim üçün “Qəbələ” yaxşı seleksiya məkanıdır. Klubda bütün Azərbaycan üzrə seçim işləri aparılır. Bu baxımdan “Qəbələ” milli komandalarımız üçün yaxşı bazadır.

– U-15 liqasında çıxış edən “Qəbələ”nin oyununu izləyirsiniz?
– “Qəbələ”nin U-15 komandası əsl futbol nümayiş etdirməyə çalışan kollektivlərdəndir. Açığı, bəzi klublar nəticəyə görə “vur qabağa” prinsipinə üstünlük versə də, “Qəbələ” baxımlı oyunu düşünür. Bu komandada topla düzgün ötürmələrə xüsusi diqqət yetirilməsi sevindirici haldır. “Qəbələ” komandalarında yaxşı oyunla yanaşı, yaxşı nəticələrin olması düzgün işin bəhrəsidir.

– “Qəbələ”nin U-15 komandasına başçılıq edən Mehman Yunusovla “Şəmkir”də birgə oynamısınız…
– Mehmanın böyük futbol təcrübəsi olsa da, uşaq futbolunun özünəməxsus xüsusiyyətləri var. Yunusovu hücum futboluna üstünlük verən məşqçi sayıram. İnanmıram ki, Brard akademiya komandalarında yalnız müdafi ənin yaxşı olmasını düşünsün. Onun 4-3-3 taktiki sxeminə üstünlük verməsi isə Hollandiya futbol fəlsəfəsinə sadiqliyindən irəli gəlir.

“Məşqçilərin maariflənməsi vacibdir”

– Yeri gəlmişkən, “Qəbələ”nin bir çox məşqçiləri AFFA-da sizin də apardığınız lisenziya kurslarında iştirak edirlər.
– Qəbələdə futbol akademiyası varsa, sözsüz ki, məşqçilərin maariflənməsi vacibdir. Onlar lazımı kateqoriyalardan keçməlidirlər. Azərbaycanda idman adamlarının intellectual bacarığının bəzən arzuolunan səviyyədə olmaması ümumi problemdir. Təəssüf ki, bu, gerçəklikdir.

– Ötən ay millidə debüt edən gənc Elvin Camalov sizin kimi dayaq yarımmüdafiəçisi olduğundan onun haqqında düşüncənizi bilmək istərdik.
– Elvinin 20 yaşında əsas yığmaya çağırılması gələcəyə hesablanan addımdır. Camalovun ən yaxşı cəhətlərindən biri aqressiv oynamasıdır. Çünki dayaq yarımmüdafi əçisi xaraktercə mütləq aqressiv olmalıdır. Heç kim futbolçudan gənc yaşında Zidansayağı oynamağı tələb edə bilməz. Təcrübə illər ötdükcə, oyunlarda toplanılır. İnşallah, Elvin buna nail olandan sonra millinin əsas futbolçusu sayılacaq.

– Sonda “Qəbələ”nin əsas komandasının cari mövsümdə çıxışı barədə təəssüratınızı bildirərdiniz.
– Təbii ki, ötən mövsümlə müqayisədə hazırkı nəticə qənaətbəxş deyil. Qriqorçukun oyun fəlsəfəsi belədir ki, o, topa nəzarətin daha çox komandasında olmasını istəyir. Bunu tətbiq etmək isə 1-2 ayın, bəlkə də 1 ilin işi deyil. Buna bəzən illər lazım gəlir. “Qarabağ”la “İnter” buna bariz nümunədir. Futbolçu, məşqçi heyətinin tez-tez dəyişilməsi nəticəyə birbaşa təsir göstərir.

Həmin kateqoriyadan